AMİP-30

Hərbi parad: “Güc nümayişi idi”

Bu gün Vətən müharibəsində Zəfərin beşinci ildönümünə həsr olunmuş hərbi parad keçirilib. 

Paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iştirak ediblər. 

Hərbi parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edib. Türkiyə və Pakistan hərbçiləri də paradda paradda iştirak ediblər. Azərbaycanın bir çox yeni hərbi texnikası ilk dəfə bu paradda nümayiş olunub. Bundan əlavə, yeni yaradılmış çox sayda qoşunun heyəti hərbi paradda iştirak edib. 

Beləliklə, bu mükəmməl paradla 5 il əvvəl qazandığımız o tarixi zəfəri və qələbə hisslərini bir daha yaşadıq.Hər qarış torpağımızın işğaldan azad olunmasını necə səbirsizliklə gözlədiyimiz və qəhrəman əsgərlərimizin şücaəti bir daha gözlərimizin önündə canlandı. Şübhəsiz ki, bu parad dostlarımıza qürur, düşmənlərimizə isə gözdağı oldu.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu gün çox möhtəşəm hərbi parad keçirildi:

“Bu paradın keçirilməsini uzun müddətdir gözləyirdik. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfərin ilk paradını 10 dekabr 2020-ci ildə Azadlıq meydanında keçirmişdik. Həmçinin, ərazi bütövlüyümüz və suverenliyimizi bərpa edəndən sonra 8 noyabr 2023-cü ildə də Xankəndidə hərbi parad keçimişdik. Bu isə Zəfərimizin 5 illiyinə həsr olunmuş parad idi. 

Bu paradda Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri iştirak etdi. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif iştirak etdilər. Əlbəttə ki, iki qardaş ölkənin liderinin Zəfər paradımızda iştirakı olduqca əhəmiyyətli idi”. 

Millət vəkili vurğulayıb ki, paradda nümayiş olunan hərbi texnikalar hər birimizi qürurlandırdı:

“Yeni hərbi texnikaların nümayişi, qırıcılarımızın performansı və Ordumuzun möhtəşəmliyi bu gün bizi növbəti dəfə qürurlandırdı. Təbii ki, bu, təkcə hərbi parad kimi qəbul edilməməlidir. Həm də ordumuzun gücünün nümayişidir. Hər paradda dostlarımız bizimlə bərabər sevinirlər, qürurlanırlar.

Düşmənlərimiz isə bundan nəticə çıxarırlar. Növbəti parad Azərbaycan xalqının, dövlətinin və ordusunun mükəməlliyini sərgilədi. Hər birimiz növbəti dəfə fərəh hisləri keçirdik. Bu qüdrətli və güclü orduya malik, regionun əsas söz və güc sahibi olan Azərbaycan dövlətinin vətəndaşı olmaqla bir daha qürur duyduq”.