Rəşad Bayramov: “Müharibə davam etdiyi üçün bu cür siyasi gərginliklər kifayət qədər risqli hesab oluna bilər”
Məlum olduğu kimi, Milli Antikorrupsiya Bürosu (NABU) Ukrayna AES-lərinin operatoru “Enerqoatom” şirkətində genişmiqyaslı mənimsəmə sxeminin aşkarlandığını bildirib. NABU-nun məlumatına görə, bu sxem vasitəsilə 100 milyon dollar leqallaşdırılıb.
Bu arada Ukraynada “Avropa Həmrəyliyi” müxalifət fraksiyasının deputatları Ali Radanın (Verxovna Rada) işini pozublar. Parlament ədliyyə naziri Qerman Qaluşşenko və energetika naziri Svetlana Qrinçukun vəzifədən azad olunması məsələsinə baxmalıydı. Fraksiya lideri Petro Poroşenko bildirib ki, o və tərəfdarları “buxarı buraxmaq və korrupsiya vertikalını qorumaq cəhdinə” yol verməyəcək, buna səs verməyəcəklər. Poroşenko əlavə edib ki, “Avropa Həmrəyliyi” hökumətin istefası üçün imza toplamağa başlayıb.
O da məlumdur ki, Rusiya kəşfiyyatı kifayət qədər güclüdür və hətta bir sıra Avropa ölkələrində hakimiyyətlərə belə nüfuz edə bilir. Bu baxımdan Ukrayna hakimiyyəti daxilində baş verənlər Qərb dövlətlərindəki gizli Rusiya kolonunun Zelenskini devirmək planları ola bilərmi?
Sözügedən məsələ ilə bağlı fikirlərini AMİP Ali məclisinin sədri Rəşad Bayramov hesab edir ki, Ukraynada Milli Antikorrupsiya Bürosunun (NABU) “Enerqoatom” dövlət şirkətində 100 milyon dollarlıq mənimsəmə sxemini aşkar etməsi ölkənin siyasi gündəmini kəskin şəkildə dəyişdirib deyə bilərik: “Müharibə şəraitində belə iri korrupsiya işlərinin ifşa olunması hər nə qədər müvafiq dövlət institutlarının iş qabiliyyətində olduğunu göstərsə də, bu həm də hakimiyyət daxilində ciddi təzyiq yaradır. Enerji sektoru Ukraynanın ən strateji sahələrindən biridir. Burada korrupsiya ittihamlarının ortaya çıxması ictimai rəyi, Qərb tərəfdaşlarını və daxili siyasi balansı birmənalı olaraq silkələyir. Bu fonda “Avropa Həmrəyliyi” fraksiyasının Ali Radanın işini bloklaması və lideri Petro Poroşenkonun hökumətin istefası üçün imza toplamağa başladığını elan etməsi ölkədə siyasi rəqabətin gücləndiyinin göstəricisidir. Parlamentin enerji və ədliyyə nazirlərinin istefası ilə bağlı iclasının pozulması təkcə texniki prosesin pozulması deyil, bu həm də Zelenski komandası ilə Poroşenko düşərgəsinin və ümumyyətlə hakimiyyətlə müxalifət arasında siyasi qarşıdurmanın daha açıq fazaya keçdiyini nümayiş etdirir. Müharibə davam etdiyi üçün bu cür siyasi gərginliklər kifayət qədər risqli hesab oluna bilər. Bu situasiyanın Rusiya tərəfindən yönləndirildiyi barədə fərziyyələr ictimai diskursda tez-tez səslənsə də, bu iddianın faktoloji bazası yoxdur. Təbii ki, Rusiya kəşfiyyatının Avropa və postsovet məkanında nüfuz cəhdləri reallıqdır, lakin mövcud böhranı birbaşa “Zelenskini devirmək planı” kimi təqdim etmək olmaz. Daha real izah odur ki, uzunmüddətli müharibə Ukraynada sosial gərginliyi artırır, iqtisadi imkanları sıxır və siyasi rəqabəti sərtləşdirir. NABU-nun araşdırması isə bu rəqabəti daha da qızışdıran katalizator rolunu oynayıb. Bununla yanaşı, Rusiyanın yaranmış gərginlikdən informasiya müharibəsi vasitəsilə istifadə etməyə çalışacağına da şübhə yoxdur. Ümumilikdə isə, Ukraynada baş verənlər daha çox daxili siyasi proseslərin kəskinləşməsi ilə bağlıdır. Rusiya təsiri ehtimalı isə dolayı xarakter daşıyır, lakin hadisələrin əsas səbəbi deyil”.