İlham Əliyev tarixdə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş şəxsiyyət kimi qalmış olacaq – RƏY
“Tarixdə şəxsiyyətin rolu danılmazdır. Bu dövr ərzində dövlətə rəhbərlik edən şəxsin atdığı addımlar, gördüyü işlər bütöv bir dövlətin, xalqın uğur əldə etməsinə, yaxud uğursuzluğa düçar olmasına səbəb ola bilir. Həmin dövr də bu liderin adı ilə əlaqələndirilir. Bu gün Ukraynada baş verən faciədə Ukraynaya rəhbərlik edən şəxslərin az da olsa, payı olub. Ən azından vəziyyət müharibə həddinə gətirilib çatdırılmaya bilərdi. Təbii ki, Rusiyanın işğalçılıq siyasəti göz önündə idi. Amma praqmatik addımlar əvvəlcədən atılmalı, bütün bunlar düşünülməli idi. Arxada olan güclər, dəstək, proseslərə, müqavimətə hazırlıq məsələləri dəqiq araşdırılmalı, bundan sonra belə bir konfliktə gedilib-gedilməməsi haqda fikir yürüdülməli idi. Təəssüf ki, artıq reallıq budur. Dörd ildir, müharibə davam edir. Ukrayna çox acınacaqlı durumdadır. Müqayisəyə gəldikdə isə, sadəcə, bir fakt demək olar. Azərbaycan bütün güclərin qarşısında tək qalmışdı. Biz təkcə erməni işğalı ilə üz-üzə qalmamışdıq. Ermənilərin arxasında Şimal qonşumuz kimi nəhəng bir dövlət, Fransa başda olmaqla bir sıra Qərb dövlətləri bütün gücü, resursları ilə dayanmışdı. Vasitəçilik missiyasını üzərinə götürən ABŞ, Rusiya kimi nəhəng dövlətlər Azərbaycana, onun liderinə “güzəştə getməlisən, reallıqlarla barışmalısan” deyirdilər. Bütün bunların fonunda biz böyük uğur əldə edə bildik, nələrə nail olduq. Həlli mümkün ola bilməyən məsələni həll etmiş olduq. Öz gücümüzə doğru addımların atılması, hadisələrin doğru qiymətləndirilməsi, müəyyən dövr ərzində son həmləyə hazırlıq üçün lazım olanların edilməsi nəticə etibarilə Azərbaycanın qələbəsinə gətirib çıxardı. Təbii ki, Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində. Cənab Prezident öz gücünü və qarşısındakı düşmənin gücünü son məqamına qədər hesabladı, məqamı çatanda lazımi addımlar atmaq bacarığını nümayiş etdirdi və birmənalı olaraq, tarixdə, bəlkə də, 200 ildən artıq mövcud olan problemi həll edərək Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş tarixi şəxsiyyət, lider kimi qalmış olacaq”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
“Ukraynaya isə bu gün bütün dünya dəstək verir desək, yanılmarıq. ABŞ Prezident Donald Trampın timsalında bir qədər fərqli mövqe sərgilənməkdədir, amma yaranmış situasiyadan doğru-düzgün qiymətləndirmələr etməklə çıxmaq mümkündür. Prezident Zelenski nə dərəcədə bacaracaq, prosesdən nə dərəcədə ağrısız-acısız çıxacaq, bunu zaman göstərəcək, amma fakt bundan ibarətdir ki, bu gün dörd ilə yaxın müddət ərzində bütün dünyanın dəstək verdiyi Ukrayna Rusiya qarşısında torpaqlarının 20 faizinin işğalı və acınacaqlı sülh müqaviləsinin artıq yeridilmə ərəfəsində olduğu bir vəziyyətdədir. Buna görə Azərbaycan və Ukraynanın istənilən müqayisəsi uğursuzdur. Heç bir halda Ukrayna və Azərbaycan dövlət başçılarını müqayisə etmək istəməzdim. Çünki müqayisə edilməyəcək dərəcədə böyük fərq var. Nəticəyə görə də qiymət vermək mümkündür. Zelenski qətiyyətli ola, lazımi məqamda dirəniş göstərə, güc nümayişinə qalxa bilər. Arxasındakı gücü, mövcud prosesləri praqmatik şəkildə dəyərləndirmək və lazım olanı etmək bacarığı hər kəsə nəsib olan keyfiyyət deyil. Biz bunu Azərbaycan Prezidentinin timsalında gördük. Möhtəşəm qələbə əldə etdik. Müharibənin qələbə ilə başa çatmasında Azərbaycan Prezidentinin rolunu xüsusi qeyd etmək istəyirəm. Bu gün Ukraynaya rəhbərlik edən şəxslər isə heç də xoş durumda deyillər. Nəticəni isə zaman göstərəcək…” – deputat bildirib.