AMİP-30

Zəngəzur dəhlizinin açılması ilə regionun geosiyasi xəritəsi köklü şəkildə dəyişəcək – Deputat

Cənubi Qafqazın siyasi və iqtisadi panoramı son illərdə yeni reallıqlar fonunda formalaşmaqdadır. Region ölkələri arasında kommunikasiya xətlərinin açılması, nəqliyyat marşrutlarının bərpası və əməkdaşlıq platformalarının genişlənməsi strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə Zəngəzur dəhlizi layihəsi təkcə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin mühüm mərhələlərindən biri kimi deyil, bütövlükdə regionun iqtisadi inteqrasiyasını sürətləndirən amil kimi dəyərləndirilir.

Layihənin reallaşması Orta Dəhlizin genişlənməsi, ticarət axınlarının çevikləşməsi, logistik imkanların artması və nəqliyyat xəritəsinin daha rəqabətqabiliyyətli formaya düşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Elə buna görə də Gürcüstan kimi tranzit ölkələrin bu təşəbbüsə münasibəti regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas faktorlardandır.

Məhz bu səbəbdən Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları həm iqtisadi əməkdaşlığın genişlənməsi, həm də regional sabitliyin möhkəmlənməsi baxımından ayrıca diqqət çəkir. Onun fikirləri göstərir ki, dəhlizin açılması yeni rəqabət mühiti yaratmaqla yanaşı, Cənubi Qafqazda uzunmüddətli sülhü və investisiya cəlbediciliyini də gücləndirəcək.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:

“Zəngəzur dəhlizinin açılması ilə regionun geosiyasi xəritəsi köklü şəkildə dəyişmiş olur. Məlumdur ki, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə və mövcud reallıqlar yeni bir kommunikasiya xəttinin formalaşmasına şərait yaratdı. Bu imkanları Azərbaycan öz gücü və siyasi iradəsi ilə təmin etdi. Məhz Azərbaycanın təşəbbüsü və müharibədən sonra Prezidentin irəli sürdüyü təkliflə Zəngəzur dəhlizi məsələsi regional gündəmin əsas mövzularından birinə çevrildi. Məsələnin digər mühüm tərəfi ondadır ki, dəhlizin açılması – ona hansı adın verilməsindən asılı olmayaraq – yeni nəqliyyat-kommunikasiya xəttinin bərpası ilə həm ABŞ, Çin, Böyük Britaniya kimi böyük dövlətlər, həm də region ölkələri ciddi maraq göstərirlər. Çünki bu dəhlizin fəaliyyətə başlaması ilə Çin və Orta Asiyadan başlayaraq Azərbaycan üzərindən, ordan Naxçıvan və Türkiyə vasitəsilə Avropaya uzanan yeni bir ticarət yolu açılır. Bu yol həm iqtisadi səmərəliliyi, həm də zaman və digər mühüm logistika komponentlərinə görə son dərəcə əlverişli bir marşrutdur.

Qeyd olunduğu kimi, belə bir kommunikasiya xəttinin istifadəyə verilməsi böyük güc dövlətlərinin bu regionda iqtisadi maraqlarını artırmaqla yanaşı, siyasi maraqlarını da gücləndirir. Bu isə regionun əhəmiyyətini yüksəldir və yeni nəqliyyat marşrutunun strateji dəyərini daha da artırır. Eyni zamanda, bu dövlətlərin prosesdə maraqlı olması regionda dayanıqlı sülhün və sabitliyin qorunmasına mühüm töhfə verəcək. Çünki bu kommunikasiya xəttindən istifadə edən ölkələr, təbii olaraq, həmin ərazidə davamlı sülhün mövcud olmasında maraqlı olacaqlar. Bu isə region üçün əlavə imkanlar deməkdir”.

Deputat, həmçinin digər mühüm məqamın  Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanla maneəsiz və sürətli bağlantının yaranmasını təmin edəcəyi olduğunu bildirib:

“Bu, həm siyasi, həm iqtisadi, həm də sosial baxımdan müsbət dəyərləndirilən faktordur. Nəticə etibarilə, regionda yeni logistika imkanlarının açılması bir daha onu göstərir ki, bu proses dayanıqlı sülhün və sabitliyin formalaşmasına xidmət edir və əldə ediləcək ən başlıca dividendlərdən biri məhz budur”.