AMİP-30

Deputatdan Əli Kərimliyə həbs, Ramiz Mehdiyevə ev dustaqlığı verilməsinə reaksiya: “Bu, önəmli məsələ deyil…”

Milli Məclisin İnsan huquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə ev dustaqlığı verildiyi halda, onunla birgə ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barədə həbs qərarı verilməsinin anlaşılmaz olduğunu bildirənlərə cavab verib.

A.Əlizadə Pravda.az-a açıqlamasında deyib ki, Əli Kərimli barədə həbs qətimkan tədbirinin seçilməsi gözlənilən olub.

A.Əlizadənin sözlərinə görə, Ramiz Mehdiyevin ittiham olunduğu maddələr özündə elə bir cinayəti əhatə edir ki, bunu tək başına görmək mümkün deyil: “Bu cinayət əməli yalnız komanda halında həyata keçirilə bilər. Komandanın içində siyasilərin ola biləcəyini də istisna etməmişdik. Artıq növbəti mərhələ başlayıb. Proses davam edir. Ramiz Mehdiyev haqqında ev dustaqlığı qətimkan tədbiri seçilib. Görünür, yaşı və xəstəliyi nəzərə alınıb. Təkcə adları çəkilən şəxslərin deyil, bu işdə adı hallanan digərləri haqqında da həbs qətimkan tədbiri seçilib. Yekunda cinayət əməlləri sübuta yetiriləcəyi təqdirdə Ramiz Mehdiyev başda olmaqla, prosesdə iştirak edənlər haqqında həbs qərarının çıxarılması gözləniləndir. Bu gün kimə ev dustaqlığı qismində, kimə həbs qismində qətimkan tədbiri seçilibsə, bu, önəmli məsələ deyil. Bunu ortaya atmaqda məqsəd diqqəti hadisənin mahiyyətindən yayındırmaqdır. Hadisənin mahiyyəti isə budur ki, ortada konstitusion quruluşa zidd olaraq qeyri-konstitusion yolla hakimiyyəti ələ keçirmək faktı olub. Eyni zamanda hadisənin içində başqa dövlətin maraqlarına xidmət edərək, başqa dövlət tərəfindən maliyyələşdirilərək Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək də dayanır. Təbii ki, diqqət buna yönəlməlidir. Bu şəxslərin cinayət əməlləri sübuta yetiriləcəyi təqdirdə ən sərt formada cəzalandırılmalıdırlar ki, bundan sonra bir daha Azərbaycanda qeyri-konstitusion yolla hakimiyyəti ələ keçirmək həvəsinə düşənlər olmasın. Bu, siyasilərin adına çox böyük utancdır, dövlətə xəyanətdir. Başqa dövlətin maraqlarına xidmət etməklə ölkədə zorakı yolla hakimiyyəti ələ keçirmək heç bir halda qəbul edilən deyil”, – deputat bildirib.