Deputat: “Siyasi fəaliyyətinə görə həbs edildiyi iddia olunan şəxslərin həbsxanalarda təzyiqə məruz qalmaları ilə bağlı ittihamlar fakta söykənmir”
“Siyasi fəaliyyətinə görə həbs edildiyi iddia olunan şəxslərin həbsxanalarda təzyiqə məruz qalmaları ilə bağlı ittihamlar olduqca ciddidir. Ehtimallar üzərindən bu cür ittihamların irəli sürülməsini doğru hesab etmirəm. Çox ciddi təkzibolunmaz fktlar olmalıdır ki, bu cür ittihamların gündəmə gəlməsinə səbəb olsun”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.
O, narkotik maddələrin qanunsuz dövriyyəsinə görə ittiham olunaraq azadlıqdan məhrum edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elbəyi Kərimlinin cəzaçəkmə müəssisəsində intihar etməsi bağlı müzakirələrə də münasibət bildirib: “İntihar olduqca xoşagəlməz hadisədir. Bunu da nəzərə almaq lazımdır ki, intihar hadisələri həbsxanalardan daha çox gündəlik həyatda rast gəlinən faktordur. İntihar edən şəxslərin psixoloji durumu ilə bir çox amillər əlaqəli ola bilər. Təkrar edirəm, həmin şəxslərin siyasi baxışlarına görə təqib və təzyiq olunmalarına dair ciddi təkzibolunmaz faktlar olmalıdır. Əks halda, ehtimallar üzərindən deyilənlər ittiham kimi qəbul olunur. Faktiki olaraq heç bir fakta söykənmədiyi də görünür. Bu halda belə ittihamları ciddi qəbul etmək də mümkün deyil”.