AMİP-30

Rayonlardan Bakıya axın dayandı – Səbəb

Paytaxt Bakının inkişafı təkcə şəhərin öz daxili dinamizmi ilə deyil, bütövlükdə ölkənin regionlarının sosial-iqtisadi yüksəlişi ilə sıx bağlıdır. Azərbaycanın regional inkişaf siyasəti uzun illərdir dövlətin əsas strateji prioritetləri sırasında yer alır. Çünki regionların balanslı inkişafı həm iqtisadiyyatın dayanıqlığını təmin edir, həm də əhali arasında sosial-iqtisadi fərqlərin azalmasına töhfə verir.

Regionların inkişafı yalnız infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Buraya hər bir bölgənin potensialının üzə çıxarılması, iqtisadiyyatın şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması, sahibkarlığın genişləndirilməsi, kənd təsərrüfatının gücləndirilməsi, turizmin inkişafı və insanların rifahının yüksəldilməsi kimi kompleks tədbirlər daxildir. Bu amillər regionların inkişafını ölkənin qarşısında duran ən mühüm strateji vəzifələrdən birinə çevirir.

Regionların sosial-iqtisadi inkişafı ölkənin mono-iqtisadi sabitliyinin təmin edilməsində, ölkədə işsizlik probleminin aradan qaldırılmasında, ticarət dövriyyəsinin artmasında mühüm amildir.

Bəs regionların sosial-iqtisadi inkişafını sürətləndirmək üçün hansı tədbirlərin görülməsi zəruridir?

Globalinfo.az-a danışan Milli Məclisin Regional Məsələlər Komitəsinin digər üzvü Arzuxan Əlizadə isə qeyd edib ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində çox ciddi layihələr həyata keçirilib, lakin bu sahədə ən vacib məsələ hələ də məşğulluğun təmin edilməsidir:

“Regionların dayanıqlı inkişafı üçün ilk növbədə insanların sabit işlə təmin olunması vacibdir. Dayanıqlı iş yerləri yaradılmalı, yeni müəssisələr açılmalı, kiçik və orta sahibkarlar üçün əlavə stimullaşdırıcı mexanizmlər tətbiq edilməlidir. Bu gün bizim üçün ən böyük çətinlik regionlardan Bakıya axındır. Paytaxt artıq həddindən artıq yüklənib və bu yükün əsas səbəblərindən biri regionlarda iş imkanlarının kifayət qədər olmamasıdır”.

Onun sözlərinə görə, insanlar iş tapmaq və dolanışığını təmin etmək üçün Bakıya üz tutur, nəticədə paytaxtda sıxlıq artır, regionlarda isə iqtisadi aktivlik azalır:

“Bu prosesin qarşısını almaq üçün regionlarda iş imkanları genişləndirilməlidir. Paralel olaraq digər vacib sahələr də inkişaf etdirilməlidir. Son illərdə infrastruktur layihələri genişlənib, regionlar abadlaşıb, lakin məşğulluq hələ də əsas problemdir. Kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilməlidir. İşğaldan azad olunan ərazilər bu baxımdan böyük potensiala malikdir — həm torpaq, həm də su ehtiyatları kifayət qədərdir”.