AMİP-30

Amnistiya Aktı bu kateqoriyalardan olan şəxsləri əhatə edəcək — AÇIQLAMA

“Cənab Prezident tərəfindən ölkədə Konstitusiya və Suverenlik ili elan edilib. Eyni zamanda bu il Azərbaycanın Müzəffər Zəfərinin, Böyük Qələbənin beşinci ildönümüdür. Bütün bu tarixi hadisələrin fonunda cəmiyyətdə genişmiqyaslı amnistiya aktının qəbul ediləcəyi ilə bağlı gözləntilər formalaşmışdı. Bu məsələ artıq uzun müddətdir ictimai və siyasi müzakirə mövzusu idi”.

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. 

Deputat deyib ki, gözləntilər özünü doğrultdu:

“Cənab Prezidentin təşəbbüsü ilə amnistiya aktının qəbul edilməsi məsələsi gündəmə gətirilib. Bildirilir ki, bu amnistiya Azərbaycanın müstəqillik tarixində ən genişmiqyaslı humanitar addımlardan biri ola bilər. Amnistiya aktının müxtəlif kateqoriyalardan olan şəxsləri əhatə edəcəyi və yaxın günlərdə qəbul ediləcəyi gözlənilir. Bununla bağlı təklif artıq parlamentə təqdim olunub. Yaxın vaxtlarda cəmiyyət bu mühüm qərarın şahidi olacaq”.

O bildirib ki, amnistiya minlərlə ailənin sevinci, minlərlə məhbusun azadlığa qovuşması deməkdir:

“Bu, Azərbaycan dövlətinin humanizm və sosial ədalət prinsiplərinə sadiqliyinin növbəti təsdiqidir. Eyni zamanda, bu amnistiya aktı Prezident İlham Əliyevin müstəqillik dövründə irəli sürdüyü 12-ci amnistiya təşəbbüsü kimi tarixə düşəcək.
Bundan əvvəl də ölkədə 11 amnistiya aktı həyata keçirilib və on minlərlə şəxs bu humanist qərarlardan yararlanıb. Növbəti amnistiyanın da daha geniş kütləni əhatə edəcəyi, vaxtilə səhvlərə yol vermiş şəxslərə və onların ailələrinə yeni bir səhifə açacağı ümid edilir”.