AMİP-30
arzuxan

“Problemin həlli cərimədə deyil, maarifləndirmədədir” – Deputat erkən nikahlardan danışdı

Azərbaycanda erkən nikahlar uzun illərdir sosial və hüquqi problemlərdən biri olaraq qalır. Ölkədə qanunla müəyyən olunmuş yaş həddi altında evlənmək qadağan olunsa da, cərimələrin tətbiqinə baxmayaraq, hələdə bir sıra bölgələrdə və ailələrdə erkən nigah hallarına rast gəlmək mümkündür. Bu məsələ təkcə hüquqi deyil, həm də sosial, iqtisadi və psixoloji aspektləri ilə diqqət çəkir. Bəs qarşısı necə alınmalıdır? Cərimələr artırılmalıdırmı? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan deputat Arzuxan Əlizadə bildirib ki, erkən nikahlar mütəmadi olaraq gündəmə gələn ciddi problemdir:

“Son dövrlərdə onların sayı əvvəlki illərlə müqayisədə azalmağa doğru gedir. Bununla yanaşı, cəmiyyətdə ictimai qınaq mövcuddur və bu hallar qarşısının alınması məqsədilə sərt tədbirlər görülür. Təəssüf ki, hələ də faktlar mövcuddur, xüsusilə regionlarda erkən nikah cəhdlərinə rast gəlinir”,-deyə o qeyd edib.

Deputat vurğulayıb ki, bu məsələdə əsas rol valideynlərin üzərinə düşür, çünki valideyn razılığı olmadan erkən nikah mümkün deyil:

“Təəssüf ki, bəzən valideynlərin məlumatlı olmaması və ya cəmiyyət tərəfindən məsələni gizlətmək istəməsi erkən nikahlara şərait yaradır. Bunun qarşısı mütləq alınmalıdır”.

Deputatın sözlərinə görə, yalnız qadağalar və cərimələrlə bu problemin həlli kifayət etmir. Sərt tədbirlər müəyyən qədər təsir göstərə bilər, amma əsasən maarifləndirmə və ictimai qınaq vasitəsilə qarşısını almaq mümkündür. Cəmiyyətdə nüfuza malik şəxslərin bu məsələlərdə maarifləndirmə aparması, mövzuya münasibət bildirməsi və ictimai qınağın gücləndirilməsi vacibdir. Kütləvi informasiya vasitələrinin rolu da önəmlidir; erkən nikahların ziyanı barədə məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılmalıdır.

“Ümumilikdə, erkən nikahlarla mübarizədə maarifləndirmə və ictimai qınağın gücləndirilməsi, məsələnin gündəmə gətirilməsi daha məqsədəuyğundur, bu vəziyyət cərimələrin artırılmasından daha təsirli ola bilər”,- deyə Arzuxan Əlizadə əlavə edib.