AMİP-30

Trampın imzası Ermənistanla sülhü təhlükəyə atdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Brüsseldə olub. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Dekabrın 2-də Ermənistan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq gündəliyi imzalanıb.

Yada salaq ki,  dekabrın 2-də Brüsseldə imzalanmış  sənədə Bakı ciddi etiraz edib. XİN-in yaydığı bəyanatda sənəd “postmünaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd” qiymətləndirilib. 

“Sənədin giriş hissəsində və bir sıra digər bölmələrində, Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların “qaçqın” statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir” deyə XİN bəyan edib. Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik nəzərə alındıqda, Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunan Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə xitam vermək əvəzinə, EUMA-nın mövcudluğunun qorunmasının və missiyanın tam operativliyinin təmin olunmasının prioritetləşdirilməsi digər narahatlıq mənbəyidir. Prioritetlər sırasında qeyd edilənlərlə yanaşı hərbi və müdafiə məsələlərinin vurğulanması Ermənistanın hərbiləşməsinə xidmət etdiyi vurğulanır. 

Nəhayət, açıqlamada əsas vurğu Aİ-nin Ağ Evdə imzalanmış 8 avqust sənədinə yumşaq desək, gözardı etməsinədir. Belə ki, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət kəsb edən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi Bakıda ciddi narahatlıq doğurduğu vurğulanıb. Daha sonra bildirilir ki, Aİ post-münaqişə dövründə əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirməsi də müəyyən şübhələr yaradır. Bəzi iddialara görə, ABŞ-nin Ukraynadakı sülh planına əngəl olan Aİ ilə münasibətlərin gərginləşməsi Azərbaycan-Ermənistan arasında Ağ Evdə paraflanan sənədin başında “çatlaya” bilər. Aİ-nin Bakının etirazına hələ də münasibət bildirməməsi də haqlı suallar doğurur.

Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqının tutduğu mövqe heç bir halda sülhə dəstək kimi qəbul edilə bilməz. Onun sözlərinə görə, Aİ tərəfindən uzun illər Azərbaycana xoş məram göstərilməyib: “Əksinə, işğala məruz qalan tərəfi gözardı edib, işğalçıya güldən artıq söz deməyib. İndi də 30 il Azərbaycana ziyan vurmuş Ermənistan dəstəklənir, sanki torpağı yağmalanan və zərər çəkən tərəfdir. Faktiki Qərbdən belə bir ədalətsiz münasibət sərgilənir və biz bunu sonuncu sənəddə də gördük. Sadəcə, əgər bu sənədin imzalanmasında məqsəd Rusiyadan uzaqlaşmaqdırsa, bunu Azərbaycan üzərindən etmək doğru yanaşma deyil”.

A.Əlizadə vurğuladı ki, sözügedən sənəd seçki ərəfəsində Paşinyan hakimiyyətinə dəstəkdir, amma Azərbaycana qarşı yönəlməsi təəssüf doğurur: “Avropa dövlətləri sülhə və sabitliyə deyil, gərginliyə xidmət edən addım atmış oldu. Reallıq budur ki, Azərbaycanla Ermənistan arasında normallaşmaya mane olmaq artıq mümkün deyil və proses geri dönüşü olmayan yoldadır. Ermənistan özü də anlayır ki, Azərbaycan və Türkiyəsiz regionda dayanıqlı sabitlik əldə etmək mümkün olmayacaq”.

Deputat hesab edir ki, kənar müdaxilələr olmasa, yekun sülh sənədini imzalamaq prosesini daha sürətli keçmək mümkündür: “Əslində Fransa və digər ermənipərəst mərkəzlərin bir müddət əngəl olmaq cəhdləri ilə üz-üzə idik. Artıq həmin dövr geridə qalıb. Avropa İttifaqı isə həmin sənəddə yer alan əsassız fikirlərlə Ermənistanı “tumarlamaq” istəyib. Lakin bu mərhələ də keçib gedəcək. Eyni zamanda Birləşmiş Ştatlarla Avropa Birliyi arasında Ukrayna böhranı ilə bağlı yaranmış gərginliyə baxmayaraq, Cənubi Qafqazda sülhü pozmaq mümkün olmayacaq. Yəni Trampın memarı olduğu sənəd yekun sülh müqaviləsi ilə nəticələnəcək”.