AMİP-30

Deputat: “Bu dəfə qəbul ediləcək amnistiya aktı daha əhatəli olacaq”

“Amnistiya aktı ilə əfv fərmanı arasında ciddi fərq var. Əfv fərmanı konkret şəxslərə şamil olunur. Prezidentə edilən müraciətlər əsasında Əfv Komissiyası rəy formalaşdırır və kimlərin əfv oluna biləcəyini müəyyənləşdirir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

O bildirib ki, daha sonra həmin siyahı Prezidentə təqdim olunur və Prezidentin imzaladığı əfv sərəncamı ilə siyahıda adı olan şəxslər əfv edilirlər:

“Amnistiya aktı isə daha geniş dairəni əhatə edir. Bu akt müxtəlif kateqoriyalardan olan məhkumlara şamil olunur. Məhz buna görə də amnistiya aktlarının sosial təsiri daha böyük olur. Hazırda gözlənti ondan ibarətdir ki, bu dəfə qəbul ediləcək amnistiya aktı əvvəlkilərlə müqayisədə daha əhatəli olacaq. 

İlkin açıqlanan kateqoriyalar onu deməyə əsas verir ki, amnistiya aktı təxminən 20 mindən çox məhbusu əhatə edə bilər. Cəmiyyətdə amnistiya aktının qəbul ediləcəyi ilə bağlı əvvəlcədən ciddi gözləntilər var idi”.

O deyib ki, bu il Konstitusiya ili, eyni zamanda ölkəmizin böyük Zəfərinin 5-ci ildönümüdür:

“Bu baxımdan amnistiya aktının qəbul olunacağı gözlənilirdi. Azərbaycan Prezidenti İlham Əliyev amnistiya aktının qəbul edilməsi ilə bağlı  təşəbbüslə çıxış edib. Yaxın vaxtlarda amnistiya aktının qəbul ediləcəyi gözlənilir. 

Ümid edirik ki, bu akt daha geniş və əhatəli olacaq, minlərlə məhbus azadlığa qovuşacaq və minlərlə ailəyə sevinc bəxş edəcək”.