AMİP-30

Dövlət başçısından daha bir humanist təşəbbüs

Müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya aktı tətbiq olunacaq.

Prezident İlham Əliyevin təklifi sayəsində amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq.

Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, bu il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması, eyni zamanda möhtəşəm Zəfərimizin beşinci ildönümü münasibətilə əfv sərəncamının imzalanacağı və ya amnistiya aktının qəbul ediləcəyi gözlənilən idi:

“Məhz bu il cənab Prezidentin sərəncamı ilə Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunub. Eyni zamanda, bizim möhtəşəm Zəfərimizin beşinci ili tamam oldu. Məhz bu əlamətdar il və Zəfərin beşinci ildönümü münasibətilə əfv sərəncamının imzalanacağı və ya amnistiya aktının qəbul ediləcəyi gözlənilən idi.

İlin sonuna doğru bu məsələ ilə bağlı bir qədər də nigarançılıq vardı ki, niyə reallaşmadı. Amma şükürlər olsun ki, cənab Prezident amnistiya aktının qəbul olunması ilə bağlı təşəbbüs ilə çıxış etdi. Artıq dekabrın 19-da Milli Məclisin iclasında bu məsələyə baxılacaq”.

Deputat qeyd edib ki, bu dəfə qəbul ediləcək amnistiya aktının müstəqil Azərbaycanın tarixində ən genişmiqyaslı amnistiya olacağı ehtimal edilir:

“Artıq amnistiyanın şamil ediləcəyi kateqoriyalar təxminən məlumdur. Əhatə dairəsi nə qədər geniş olarsa, bir o qədər çox məhkumun azadlığa buraxılması və bunun nəticəsində minlərlə ailənin sevinc yaşaması mümkündür. Yeni il ərəfəsində belə humanist addımın atılması xüsusi təqdirəlayiqdir.

Bildirim ki, Azərbaycanda bundan əvvəl 11 amnistiya aktı reallaşıb. Bu, artıq 12-ci amnistiya aktı olacaq. Eyni zamanda, ölkə tarixində 70-dən artıq əfv sərəncamı imzalanıb. Əfv və amnistiya aktları nəticəsində on minlərlə insan azadlığa qovuşub, minlərlə ailə sevinc hissləri yaşayıb.

Bu da növbəti humanist addım kimi dəyərləndirilir. Amnistiya aktı qəbul edildikdən sonra onun detalları ilə bağlı daha geniş fikirlərimizi bildirəcəyik. Gözləntimiz ondan ibarətdir ki, bu amnistiya aktı müstəqil dövrün ən genişmiqyaslı və əhatəli amnistiyası olacaq və daha çox insana şamil ediləcək”.