AMİP-30
arzuxan

“Lukaşenko hakimiyyətə gətirmək istədiyi şəxsə ABŞ-ın loyal münasibətini təmin etmək istəyir”

Belarus prezidenti Aleksandr Lukaşenko Minsk və Vaşinqton arasında yaxşı münasibətlər qurmaq istədiyini bəyan edib. Newsmax TV-yə müsahibəsində o, həmçinin deyib ki, növbəti müddətə hakimiyyətdə qalmaq istəmədiyinə, estafeti gənc nəsilə ötürməyə hazırlaşdığına işarə edib. “Mən gedən prezidentəm və prezident olduğum müddətdə yaranan problemlərin gələcək nəsillərə ötürülməsini istəmirəm”, – Lukaşenko deyib.

Deputat Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, Aleksandr Lukaşenko 31 ildir Belarusun prezidentidir və son zamanlar tez-tez “növbəti müddətə prezident olmayacam” kimi açıqlamalar verir. Hələ 2021-ci ildə onun hakimiyyətdən gedəcəyi ilə bağlı açıqlaması da olmuşdu. Sonradan məlum oldu ki, bu növbəti siyasi manevrdir:

“2025-ci ilin avqustunda da Lukaşenko hakimiyyətdən gedəcəyini açıqlayıb. Onun son dövrlər atdığı addımlar, bəyanatları onu deməyə əsas verir ki, Lukaşenko daha çox Qərblə, ABŞ ilə münasibətləri normallaşdırmağa çalışır. Belarusa, şəxsən Lukaşenkoya qarşı ABŞ-ın və Avropa İttifaqının sanksiyaları var. Bu yaxınlarda onun əfv sərəncamı verib bir sıra siyasi məhbusları azad etməsi ABŞ tərəfindən ona qarşı bəzi sanksiyaların aradan qaldırılmasına gətirib çıxardı. Lukaşenko növbəti belə açıqlama verməklə siyasi manevr edir. O, Belarusun tamamilə Rusiyanın yanında, nəzarətində olan ölkə kimi qəbul olunmasını istəmir, Qərbə inteqrasiya prosesini də aparmaqla balanslı siyasət yürütməyi planlaşdırır”.

Deputat onu da qeyd edib ki, Belarus Rusiyadan tam qopa bilməz. Amma Qərblə də yaxınlaşması üçün addımlar atmaq niyyətini ortaya qoyub: “Lukaşenko ölkəsinin təhlükəsizlik yastığını təkcə Rusiya ilə deyil, həm də Qərb dünyası ilə də bölüşmək siyasətini yürütməyə çalışır. Eyni zamanda Lukaşenko özündən sonra hakimiyyətə gətirmək istədiyi şəxsə ABŞ-ın, Qərbin loyal münasibətini təmin etməyi hədəfləyir. Ancaq şübhəsiz ki, bu o demək deyil ki, o, çox yaxın dönəmdə hakimiyyətdən gedəcək. Sadəcə, Lukaşenko özünün nəzərdə tutduğu post-Lukaşenko dövrünə hazırlıq görür”.