AMİP-30

NATO-nun ikinci ordusu ilə çiyin-çiyinə: Yeni hərbi sənəd Azərbaycana nə vəd edir?

“Bu Memoranduma iki qardaş ölkə arasında münasibətlərin ən üst səviyyədə inkişafına dəstək verən növbəti sənədin qəbulu kimi baxılmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair “Anlaşma Memorandumu”nun qanunverici orqanda təsdiqi fonunda onun əhəmiyyətini şərh edərkən deyib.

Arzuxan Əlizadə bildirib ki, bu memorandumu iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi kimi dəyərləndirmək olar:

“Azərbaycan və Türkiyə arasındakı münasibətlər analoqu olmayan dövlətlərarası əlaqələrdə ən üst səviyyədə olan münasibətlərdir. Qəbul edilmiş memorandum da iki ölkə arasında bundan əvvəlki dövrlərdə bağlanmış müqavilələrə istinad edilməklə qəbul edilib. Anlaşma Memorandumunda 1921-ci ilin Qars müqaviləsinə, habelə 1992-ci ilin qarşılıqlı hərbi təlim-təhsil haqqında müqaviləyə, 1996-cı ilin hərbi texniki sahədə əməkdaşlıq sazişinə, 2010-cu ilin strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləyə, həmçinin Şuşa Bəyannaməsinə istinadlar var. Burada dövlətlərimiz arasında hərbi təhlükəsizlik məsələsində qarşılıqlı münasibətlərin inkişafı əsas götürülüb”.