AMİP-30

Nə Rusiya, nə İran buna mane ola bilməyəcək – Deputat

“Zəngəzur dəhlizi ilə bağlı son günlər Rusiya və İrandan açıqlamalar gəlir. Növbəti dəfə öz mövqelərini gündəmə gətiriblər. Xüsusən Rusiya Zəngəzur dəhlizinin keçəcəyi ərazini bilavasitə rus sərhədçilərinin səlahiyyətində olan ərazi kimi diqqətə çatdırır. Eyni zamanda, dəhlizə nəzarət məsələsində 2020-ci il 10 noyabr bəyannaməsi var və o bəyannamənin 9-cu maddəsinə uyğun olaraq, Zəngəzur dəhlizinə nəzarət Rusiya orqanlarına həvalə edilirdi. İndi təbii ki, bu sənəd qüvvəsini itirib”.

Bunu Ajans.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, istənilən halda, Rusiya növbəti dəfə Zəngəzur dəhlizinə nəzarət uğrunda iddialarını ortaya qoymuş oldu:

“Həmçinin, Rusiyanın iştirakı olmadan bu layihənin reallaşmasının qeyri-mümkünlüyü ilə bağlı mövqe sərgilənir. Anlaşılandır, çünki Rusiyanın maraqları var, İran və ABŞ-nin də öz maraqları var.

Bu məsələdə ABŞ-nin Rusiyaya hər hansı güzəştə gedəcəyi fikrindən tamamilə uzağam. ABŞ-nin özünün burada iqtisadi və siyasi maraqları var, heç bir halda Rusiyaya güzəştə getməyəcək. Sadəcə Rusiyanın Ermənistana təsir imkanları qalır deyə, öz mövqeyini nümayiş etdirə bilir. Amma bu təsir imkanları getdikcə azalmaqdadır.

Hesab edirəm ki, nə Rusiyanın, nə də İranın Zəngəzur dəhlizinin reallaşmasına mane olmaq imkanları yoxdur. Gələcəkdə bu imkanlar daha da zəifləyəcək. Zəngəzur dəhlizinin açılacağı birmənalıdır, bu, geridönüşü olmayan prosesdir”.