AMİP-30

10 ildən sonra gözlənilən qərar verilə bilər – Azərbaycan üçün mühüm hadisə

2025-ci ildə ən çox gözlənilən məsələlərdən biri referendum idi. Prezidentin 2025-i “Konstitusiya və suverenlik ili” elan etməsi bu gözləntiləri daha da artırmışdı. Hakimiyyətin konstitusiyaya dəyişiklik edəcəyi, idarəçilik modelində yeniliklər olacağı ilə bağlı proqnozlar səsləndirilsə də, bu baş tutmadı.

Bu gözləntilər 2026-cı ildə reallaşa bilərmi?

Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, bu ilin sonuna qədər referendumun keçirilməsi ehtimalı aşağı idi:

“Referendum məsələsi son 2-3 il ərzində vaxtaşırı gündəmə gəlib və bunun müəyyən səbəbləri mövcuddur. Sədri olduğum Azərbaycan Milli İstiqlal Partiyası 2019-cu ildə digər 14 siyasi partiya ilə birlikdə siyasi islahatların həyata keçirilməsinin vacibliyi ilə bağlı müraciət edib. Orada idarəetmə, qanunvericilik sahəsində dəyişikliklərin aparılması, konstitusiya islahatlarının və referendumun keçirilməsinin zəruriliyi vurğulanıb. Ölkə başçısının da bu istiqamətdə mövqeyi olub. Prezident bir müddət əvvəl qeyd etdi ki, mövcud icra hakimiyyətləri sovet dövründən qalma strukturlardır və bu sahədə dəyişikliklərə ehtiyac var. Artıq işğaldan azad olunmuş ərazilərdə və Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndələri təyin edilib. Hazırda icra hakimiyyətləri paralel fəaliyyət göstərsə də, gələcəkdə bu strukturlarda dəyişikliklərin aparılması və bunun Konstitusiyada əksini tapması mümkündür”.

Deputat bildirib ki, qanunverici hakimiyyətin say tərkibinin artırılması ilə bağlı da təkliflər var:

“Çünki Konstitusiya qəbul edilərkən əahli sayı təxminən 7 milyon idi və 125 deputat təsbit edilmişdi. Hazırda bu rəqəm 10 milyondan çoxdur və parlament üzvlərinin sayı artırılmalıdır. Lakin referendumun keçirilməsi üçün müəyyən vaxt tələb olunur. Konstitusiya islahatları və referendum məsələləri geniş və ciddi müzakirə olunduqdan sonra qərar qəbul edilə bilər. Digər tərəfdən, Ermənistanla sülh müqaviləsinin imzalanması prosesi hələ davam edir və təxminən 2026-cı ilin sonuna qədər uzanacağı gözlənilir. Bu amil də yaxın dövrdə Azərbaycanda referendumun keçirilməsini real etmir.

Azərbaycanın mövqeyinə əsasən, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları aradan qaldırılmalı, bu məqsədlə islahatlar aparılmalı və yeni konstitusiya referendum yolu ilə qəbul edilməlidir. Yalnız bundan sonra Azərbaycanda da konstitusiya islahatlarını və referendumun keçirilməsini nəzərdən keçirmək mümkün ola bilər”.

Qeyd edək ki, Azərbaycanda axırıncı dəfə keçirilmiş referendum 26 sentyabr 2016-cı il tarixində olub. Bu referendumda Konstitusiyaya 29 maddə üzrə dəyişikliklər təklif edilmiş və qəbul edilərək qüvvəyə minib.