AMİP-30
arzuxan

Deputatdan SƏRT ETİRAZ: “Əvvəl rekord qiymət qoyur, sonra guya endirim edirlər”

Qarşıdan Yeni il gəlir. Bu münasibətlə insanlar həm bayram alış-verişi edir, həm də özlərinə yeni əşyalar alırlar ki, növbəti il onlar üçün daha uğurlu, düşərli olsun. Bundan istifadə edən bəzi şirkətlər də müxtəlif kampaniyalar təşkil etməklə daha çox mal satmaq istəyir. Halbuki bayram ərəfəsində keçirilən kampaniyaların hədəfi yeni müştəri cəlb etməkdir. Bunun üçün də ancaq əlçatan, keyfiyyətli məhsul və xidmət təklif olunmalıdır.

Çox təəssüf ki, bizdə təşkil edilən son kampaniyaların heç birində bu məqsəd yoxdur.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Millət vəkili Arzuxan Əlizadə deyib ki, endirim kampaniyaları bizdə də var:

“Amma bizdə endirim kampaniyaları tam fərqli keçirilir. Bəzi işbazlar bu ad altında qiymət manipulyasiyası edirlər. Əvvəlcə mallara rekord qiymət qoyurlar. Daha sonra guya ki, neçə faizsə endirim edirlər. Əslində isə bu “endirimlər” sadəcə istehlakçını şirnikləndirməyə hesablanır.

İnkişaf etmiş ölkələrdə endirim kampaniyaları keçirilir. Amma onun fəlsəfəsi tam fərqlidir.

Əsasən bayram ərəfəsində keçirilən endirim kampaniyalarının miqyası çox geniş olur. Üstəlik, qiymətlərdə əsaslı dəyişiklik görünür. Bu kampaniyanın hədəfi odur ki, real endirimləri görən istehlakçılar həm öz ehtiyaclarını ödəsinlər, həm də gələcəkdə həmin şirkətin daimi müştərisi olsunlar. Ona görə də bizdə təşkil olunan kampaniyalar aldadıcı xarakter daşıyır”.

Müsahibimiz son zamanlar keçirilən kütləvi şans oyunlarına da toxunub:
 

“Bizdə təşkil olunan şans oyunları bir-iki nəfəri sevindirsə də, son nəticədə yüzlərlə insana iqtisadi cəhətdən ziyan vurur. Bu cür kampaniyalar heç də Azərbaycan alıcısına keyfiyyətli xidmət məqsədi daşımır. Hazırda mobil operatorlar müxtəlif uduş kampaniyaları keçirir. Soruşan yoxdur ki, axı siz avtomobil hədiyyə edən təşkilat yox, tarif təklif edən bir qurumsunuz?!


Bu gün sorğu keçirilsə, əksəriyyət mobil operatorların tariflərindən narazılıq ifadə edər. Bu gün keçirilən kampaniyalarla mobil operatorlar özlərinə qarşı cəbhə formalaşdırırlar. Şəxsən mən rominq tariflərindən istifadə edərkən ciddi narahatlıq yaşayıram. Bir sözlə, xarici ölkələrdə kampaniyalar ucuz məhsul və yaxud xidmət təklif etməklə yeni müştəri cəlb edirlərsə, bizdə müştəriyə səthi və perspektivsiz vədlər verməklə daha çox müştəri itirirlər. Çox istərdik ki, keçirilən kampaniyalar həm müştərinin, həm də satıcının mənafeyinə xidmət eləsin”.