Siyasi partiyalar üçün 2025-ci il: kim nə qazandı, nə itirdi? – SORĞU
Hazırda Azərbaycanda 26 partiya fəaliyyət göstərir. Zaman-zaman partiyaların fəaliyyətləri ciddi şəkildə müzakirə olunur. Müəyyən zamanlarda partiyaların fəaliyyətinə tənqidi yanaşmalar da özünü göstərir.
Bu il siyasi partiyaların özləri üçün necə yadda qaldığı, hansı yeniliklərin olduğu isə maraq doğurur.
Modern.az bununla əlaqədar olaraq, partiyalar arasında sorğu keçirib.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: “Yola saldığımız il partiyamız üçün uğurlu oldu. 2024-cü ildən parlamentdə təmsil olunduğumuzdan partiyamızın fəaliyyətinin bir hissəsi bu istiqamətə yönəldilib. Eyni zamanda bələdiyyə seçkilərində iştirak etmişik.
2025-ci il növbəti qurultay ili olduğu üçün mart-aprel aylarından başlayaraq qurultaya hazırlıq üzrə işlər görülüb, rayon təşkilatlarımızda hesabat-seçki konfransları keçirilib. Yeni dövrə uyğunlaşma ilə bağlı qərarlar qəbul edilib.
Fəaliyyətimizin daha da genişlənməsi, ölkənin bütün regionlarını əhatə etməsi təmin olunub. Yeni gənc nəslin partiyaya qəbul edilməsi, partiyamızın gənclik təşkilatının genişlənməsi prosesi baş verib. Bu da partiyamız üçün uğur hesab olunur. Partiyamızın parlamentdə təmsil olunması bu genişlənməyə təkan verib.
Eyni zamanda beynəlxalq əlaqələr kontekstində bir sıra təşkilatlarla əməkdaşlıq qurulub. May ayında Brüsseldə Beynəlxalq Demokrat İttifaqının növbəti qurultayında iştirak etmişik. Azərbaycan və regionumuzla bağlı bəyannamə qəbul edilib. Həmin bəyannamədə Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi, referendum keçirilməsi, üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi və Azərbaycanla sülh müqaviləsinin imzalanması çağırışı yer alıb.
80-dən artıq ölkədən 100-dən çox sağ mərkəzyönümlü partiyanın üzv olduğu nüfuzlu təşkilat tərəfindən belə bir bəyannamənin verilməsi partiyamız adından uğur olduğu kimi, dövlətimiz adına da uğur hesab olunmalıdır.
İcraçı Toplantının gündəliyinə AMİP-in təqdim etdiyi qətnamə layihəsi də daxil edilib. Qətnamə layihəsində Qarabağ probleminin həllində ATƏT-in Minsk qrupunun bacarıqsızlığı, Azərbaycanın öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi və bununla da regionda dayanıqlı sülh və sabitliyə nail olunması, bu kontekstdə yeni reallıqların bərqərar olması fonunda Ermənistanın da suverenlik əldə etmək imkanlarının yaranması, Zəngəzur dəhlizinin açılması, eləcə də tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində bütün mövcud əngəllərin aradan qaldırılmasının vacibliyi və digər məsələlər əks olunub.
BDİ sədri Stiven Harper tərəfindən toplantı iştirakçılarının diqqətinə çatdırılan qətnamə layihəsi yalnız EPP-ni təmsil edən bir nümayəndənin bitərəf qalması, digər nümayəndələrin isə hamısının lehinə səs verməsi ilə qəbul olunub”.