Bu cür kampaniyalar Kremlin siyasi iradəsi olmadan mümkün deyil -Deputat
Rusiya Azərbaycanın əleyhinə informasiya kampaniyasını genişləndirir və yaxın günlərdə bunun daha aqressiv mərhələyə keçə biləcəyi deyilir. Məlumata görə, məsələ yalnız ayrı-ayrı ekspert rəyləri ilə məhdudlaşmır. Həm ölkəyə, həm də dövlət rəhbərliyinə qarşı məqsədli informasiya hücumlarının yeni dalğasının başlanacağı iddia olunur. Əsas məqsəd rezonans doğuracaq məlumat yaymaq və mənfi ictimai rəy formalaşdırmaqdır. Bildirilir ki, kampaniya çərçivəsində Rusiyada yaşayan tanınmış azərbaycanlı ailələrdən birinin nümayəndəsinin də prosesə cəlb edilməsi mümkündür.
Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, Rusiyanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi bu günün məsələsi deyil:
“Uzun illərdir ki, bu cür kampaniyaların şahidi oluruq. Xüsusilə İkinci Qarabağ müharibəsi dövründə Rusiyanın bəzi mərkəzi televiziya kanalları və media qurumları Azərbaycana qarşı qərəzli informasiya hücumlarına başlamışdı. Aydın görünür ki, bu cür kampaniyalar Kremlin siyasi iradəsi olmadan mümkün deyil. Bu gün Rusiyanın müxtəlif media platformalarında istər tanınmış aparıcılar, istərsə də siyasi şərhçilər tərəfindən Azərbaycana qarşı səsləndirilən ittihamlar təsadüfi xarakter daşımır. Bu proseslərin mərkəzləşdirilmiş şəkildə idarə olunduğu açıq hiss olunur. Məqsəd isə bəllidir. Azərbaycanın müstəqil siyasət yürütməsini və regionda söz sahibi kimi çıxış etməsini zəiflətmək. Son dövrlərdə baş vermiş hadisələr, o cümlədən Azərbaycan tərəfinin haqlı tələblərinə baxmayaraq, informasiya təzyiqinin davam etdirilməsi bunu bir daha göstərir. Rəsmi səviyyədə müəyyən etiraflar səslənsə də, praktik nəticələr gözlənilən səviyyədə olmayıb. Bu isə informasiya müstəvisində təzyiq alətlərinin saxlanıldığını göstərir”.
O bildirib ki, tarixi kontekstdə də münasibətlər mürəkkəb olub:
“Son iki əsrdə regionda baş verən bir çox proseslərdə Rusiya amilinin rolunu danmaq mümkün deyil. Qarabağ münaqişəsinin yaranması və uzun illər davam etməsində də geosiyasi faktorlar mühüm yer tutub. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan bu gün region ölkələri ilə, o cümlədən şimal və cənub qonşuları ilə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaqda maraqlıdır. Əsas prinsip ondan ibarətdir ki, heç bir dövlət Azərbaycana yuxarıdan baxa və ya təzyiq yolu ilə nəyəsə nail ola bilməz. Müasir Azərbaycan əvvəlki Azərbaycan deyil. Siyasi, iqtisadi və hərbi baxımdan daha güclü və müstəqil qərarvermə qabiliyyətinə malikdir. Eyni zamanda, ucuz və qərəzli informasiya kampaniyalarına emosional reaksiya vermək doğru yanaşma deyil. Ən effektiv cavab faktlara əsaslanan arqumentlərlə, beynəlxalq hüquqa söykənən mövqe ilə və sivil siyasi davranışla verilməlidir. Azərbaycanın dövlət və milli maraqlarına zidd addımlar atılarsa, ölkənin buna adekvat cavab vermək imkanları mövcuddur. Bu baxımdan məsələlərə praqmatik yanaşmaq, informasiya hücumlarını arqumentlərlə neytrallaşdırmaq və beynəlxalq platformalarda obyektiv mövqe nümayiş etdirmək ən düzgün strategiya hesab olunur”.