Müxalifət partiyalarından Vaşinqton təxribatına SƏRT REAKSİYA
Məlum olduğu kimi, fevralın 19-da xaricdə yaşayan bir neçə anti-milli ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelin qarşısında təxribat törətməyə çalışıblar. Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə operativ şəkildə müdaxilə edərək həmin şəxsləri peşəkarlıqla zərərsizləşdirib və təxribat cəhdinin qarşısını alıblar.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AMİP-in sədri, millət vəkili Arzuxan Əlizadə bildirib ki, Azərbaycanın artan nüfuzundan bəzi güc mərkəzləri ciddi narahatlıq keçirir:
“Təəssüf ki, bu bədnam qüvvələrə bizim bəzi üzdəniraq ünsürlərimiz də qoşulub. Onlar anti-Azərbaycan qüvvələrinin əlində alətə çevriliblər.
Maddi və yaxud sosial vədlərin müqabilində alətə çevrilən bu ünsürlər çox təəssüf ki, Azərbaycanın imicinə zərər vermək üçün ermənipərəst qüvvələrlə eyni mövqedən çıxış edirlər. Çox təəssüf ki, anti-milli ünsürlərimizin seçdiyi “mübarizə metodu” – söyüş ritorikası milli və ailə dəyərlərimizə çox böyük zərbə vurur.
Hesab edirəm ki, bir cəmiyyət olaraq, müxalif siyasi partiya olaraq bu ünsürlərə “ev sahibliyi” edən dövlətlərdən tələb etməliyik ki, onlar bizə təhvil verilsin. Çünki Azərbaycan dövlətinin təmsilçisi olan Prezidentə və dövlətimizin digər rəsmilərinə qarşı edilən bu hərəkət hər bir azərbaycanlıya qarşı həyata keçirilən iyrənc kampaniyadır.
Bu təxribatı milli maraqlar mövqeyindən çıxış edərək şəxsimizə qarşı edilmiş təhqir kimi qəbul etməliyik. Sığındıqları dövlətlər həmin ünsürləri Azərbaycana təhvil verməli və daha sonra onlar qanun qarşısında ən sərt şəkildə cəzalandırılmalıdırlar ki, belə bir iyrənc presedentə son qoyulsun”.