AMİP-30

“Təkcə İrəvanda 12 məscid mövcud olub, onlardan bu gün yalnız biri qalıb”

“Bu iddialar illər boyu səsləndirilib, təbliğ edilib və beynəlxalq ictimaiyyətə çatdırılmağa çalışılıb. Halbuki əslində həmin dövrdə özləri genişmiqyaslı vandalizm aktları həyata keçiriblər”

Bunu Demokrat.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə açıqlamasında bildirib.

O deyib ki, ermənilərin işğaldan azad olunmuş ərazilərdə guya erməni dini-mədəni irsinin dağıdılması ilə bağlı iddiaları növbəti erməni yalanlarından başqa bir şey deyil. 

“Bu iddialar illər boyu səsləndirilib, təbliğ edilib və beynəlxalq ictimaiyyətə çatdırılmağa çalışılıb. Halbuki əslində həmin dövrdə özləri genişmiqyaslı vandalizm aktları həyata keçiriblər. İşğaldan azad edilmiş ərazilərə diqqət yetirdikdə, 30 il ərzində dağıdılmış dini və mədəni abidələrlə rastlaşırıq. Təkcə həmin bölgələrdə 65 məscid ermənilər tərəfindən yerlə-yeksan edilib. Erməni faşistləri ərazilərdə mövcud olmuş tarixi və dini abidələri məhv edib, bir çoxunu isə mənimsəyiblər. Alban abidələri öz adlarına çıxılıb, qəbiristanlıqlar, məzarlıqlar və digər mədəni irs nümunələri tamamilə sıradan çıxarılıb”.

Deputat bildirib ki, bu vandalizm təkcə Azərbaycanın işğal altında olan əraziləri ilə məhdudlaşmayıb, eyni zamanda Qərbi Azərbaycanda, bugünkü Ermənistan ərazisində də illər boyu davam edib. 

“Bu siyasət bir daha ayıq-sayıq olmağın vacibliyini göstərir. Təəssüf ki, ermənilərin törətdiyi vəhşiliklər və vandalizm aktları mütəmadi olaraq ictimailəşdirilmir, beynəlxalq ictimaiyyətə yetərincə çatdırılmır. Bundan istifadə edən ermənilər isə özlərini fərqli şəkildə təqdim edir, Azərbaycanın üzərinə iftiralar atmaqla beynəlxalq rəyə təsir göstərməyə çalışırlar. Əslində ermənilər əsrlər boyu digər xalqların mədəni irsini mənimsəmək, özününküləşdirmək, bacarmadıqlarını isə məhv etmək siyasəti yürüdüblər. Faktlar bunu açıq şəkildə göstərir. İşğaldan azad edilmiş ərazilərdə aşkar olunan faktlar onların hansı vandalizmə və vəhşiliyə qadir olduğunu sübut edir”.

Onun sözlərinə görə, bu istiqamətdə ciddi faktoloji araşdırmalar aparılır və aparılmalıdır. 

“Təkcə azad edilmiş ərazilərdə deyil, Qərbi Azərbaycan bölgəsində və tarixi Azərbaycan torpaqlarında da bu vandalizm aktları sənədləşdirilir və mərhələli şəkildə ictimailəşdirilir. Məsələn, Qərbi Azərbaycanda aparılan monitorinqlər nəticəsində 734 qəbiristanlıq araşdırılıb. Məlum olub ki, 12 qəbiristanlığın üzərindən yol çəkilib, 16-sının yerində yaşayış evləri tikilib, 56 məzarlıq əkin sahəsinə çevrilib, 6 məzarlıq dəyişdirilərək erməni qəbiristanlığı kimi təqdim olunub, 67 qəbiristanlıq isə tamamilə vandalizmə məruz qalıb. Araşdırma obyekti olan 734 qəbiristanlıqdan 201-i üzrə faktlar artıq sənədləşdirilib”.

Arzuxan Əlizadə bildirib ki, eyni zamanda Qərbi Azərbaycan ərazisində də məscidlər və dini abidələr məhv edilib. 

“Təkcə 1829-cu ildə İrəvan şəhərində 12 məscid mövcud olub, onlardan bu gün yalnız biri qalıb. Həmin abidə də “Göy məscid” kimi tanınsa da, onu fars məscidi kimi təqdim etmək cəhdləri mövcuddur. Bütün bunlar göstərir ki, ermənilərin yürütdüyü siyasət normal münasibətlərin qurulmasına xidmət etmir, əksinə sülh prosesinə ciddi zərər vurur. Tarixi faktlar artıq bu vəhşilikləri sübut edib. Ona görə də bu məsələlər daim diqqətdə saxlanılmalı, beynəlxalq ictimaiyyətə çatdırılmalı və ermənilərin yalan təbliğatına imkan verilməməlidir”.