Rəsmi Bakının vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında baş tuta biləcək görüş nəticəli ola bilər – RƏY
“Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda cənab İlham Əliyevlə müxtəlif məsələləri müzakirə etdi. Zelenski tərəfindən təklif səsləndirildi ki, Azərbaycanın bilavasitə vasitəçiliyi ilə Rusiya ilə görüş də Azərbaycanda baş tuta bilər. Rusiya tərəfindən bununla bağlı rəsmi mövqe Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin birinci müavini Vladimir Cabarov tərəfindən bildirilib. O, üçtərəfli görüşün Azərbaycan vasitəçiliyi ilə baş tutma ehtimalının yüksək olduğunu sərgiləyib. Təbii ki, Vladimir Cabarov rəsmi şəxsdir, amma istənilən halda tam olaraq müzakirələrdən keçəndən sonra konkret tərəflərin məsələyə münasibəti rəsmi qaydada sərgilənməlidir. İstənilən halda, üçtərəfli görüşün baş tutub-tutmamasından asılı olmayaraq tərəflər Azərbaycanı vasitəçilik missiyasını uğurlu səviyyədə həyata keçirə biləcək tərəf kimi qəbul edirlər. Bu, Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzundan, eləcə də qlobal masştabdakı nüfuzundan xəbər verir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
Deputat bildirib ki, Azərbaycan uzun illər çox ciddi problemlərlə üz-üzə, torpaqlarının 30 il ərzində işğal altında qalmasına, münaqişə tərəfi olmasına baxmayaraq hər zaman beynəlxalq hüququn norma və prinsiplərini üstün tutub: “Nəhayət, Azərbaycan bu gün də regionda dayanıqlı sülh və sabitliyin qarantı olaraq çıxış edir və Ermənistanla sülh platformasının formalaşmasında əhəmiyyətli rol oynayıb. Azərbaycan Prezidenti təkcə regionda deyil, qlobal masştabda da bir sıra problemlərin həlli istiqamətində öz mövqeyindən, nüfuzundan istifadə edərək proseslərə təsir etmək gücündə olduğunu əyani surətdə nümayiş etdirib, Yaxın Şərqdə baş verən proseslərdə, Suriyada, eləcə də bu gün davam etməkdə olan ABŞ, İsrail və İran arasındakı müharibə ərəfəsində də mövqe sərgiləyib. Eləcə də Rusiya-Ukrayna müharibəsi dönəmində də dəfələrlə cənab İlham Əliyevin məsələyə yanaşması bir daha Azərbaycanın dövlət, İlham Əliyevin Prezident olaraq nüfuzundan xəbər verən amildir. Ölkə başçısının proseslərə, bütövlükdə münaqişələrə yönəlik beynəlxalq hüquq platformasından yanaşması, mövqeyi, təbii ki, digər tərəflərin Azərbaycanı vasitəçi olaraq görmək imkanı yaradır. Azərbaycan Ukrayna və Rusiya ilə normal münasibətlərdədir. Ukraynanın ərazi bütövlüyü mütəmadi olaraq Azərbaycan tərəfindən dəstəklənib. Ukraynaya humanitar yardımlar edilib və edilməkdədir. Azərbaycan tərəf olaraq prosesdə mövqe sərgiləmir, bitərəf mövqe sərgiləməklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun tərəflər arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmağa hazır olduğunu bildirib. Azərbaycan Prezidentinin bu sahədəki şəxsi nüfuzu, təbii ki, Azərbaycanın vasitəçilik missiyasını üzərinə götürmək ehtimallarını kifayət qədər artırır. Prezident İlham Əliyev il ərzində artıq ikinci dəfədir ki, sülh mükafatına layiq görülür. Bunlar da Azərbaycan Prezidentinin nüfuzundan, dünyada sülh və barışa nail olmaq istiqamətində göstərdiyi səylərdən xəbər verir. Beləliklə, Azərbaycanın vasitəçilik missiyasını üzərinə götürməsi, ölkə Prezidentinin müharibənin dayandırılmasında əhəmiyyətli rol oynaya biləcəyi ehtimalı kifayət qədər yüksəkdir. Buna görə də Azərbaycana belə bir təkliflə çıxış edilib. Təbii ki, Rusiya-Ukrayna müharibəsinin dayanmasında, regionda sülh və sabitliyin olmasında maraqlıyıq və bu kontekstdə Azərbaycan öz səylərini əsirgəmir. Hesab edirəm, üçtərəfli görüş baş tutarsa, bundan əvvəlki dönəmlərdə nəticəsiz yekunlaşmış görüşlərdən fərqli olaraq rəsmi Bakının vasitəçiliyi ilə baş tuta biləcək görüş nəticəli ola bilər. Nəhayət, müharibənin dayandırılmasına öz töhfəmizi verə bilərik”.