AMİP-30

Deputat: “Həbsxanalarda saxlanılma şəraiti və məhbuslara münasibətlə bağlı problemlər yox səviyyəsindədir”

“Azərbaycan həbsxanalarındakı mövcud durumla bağlı müəyyən çağırışlar olur. Bəzən məhbuslara təzyiqlər edilməsi ilə əlaqədar fikirlər səsləndirilir. Mən bu fikirdə deyiləm. Həbsxananın öz rejimi var. Bu rejimin ayrı-ayrı məhbuslar üçün fərqli olduğunu düşünmürəm. Müxalifyönlü, yaxud fərqli düşüncəli insanlarla digər məhbuslar arasında fərq qoyulduğu fikrində deyiləm. Müəyyən qədər məlumatlarımız var. Xüsusilə, son dövrlər məhbusların saxlanılma şəraiti əvvəlkilərə müqayisədə xeyli dərəcədə yaxşılaşdırılıb. Qarşılıqlı münasibətlərdə də problem yoxdur. Bununla bağlı da nəsə demək insafdan kənar olar”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, rejimdə saxlanılan şəxslər azadlıqda olduqları kimi deyillər, onların azadlıqları məhdudlaşdırılır: “Məhbuslar qoyulmuş qaydalara riayət etməli, həbsxana rejiminə müvafiq davranmalıdırlar. Bu mənada, kimlərsə müəyyən məsələlərdən narazı ola bilərlər. İstənilən halda, məhbuslara yönəlik ciddi təzyiqlərin olması barədə məlumata malik deyiləm. Bunlar müəyyən qədər şişirdilmiş məlumatlardır. Həbsxanalarda saxlanılan ayrı-ayrı şəxslərdən aldığımız məlumatlar da deməyə əsas verir ki, məlumatlar həqiqətəuyğun deyil. Son dövrlər istər Penitensiar Xidmətin rəhbərliyi, istərsə də Ədliyyə Nazirliyinin bu məsələyə diqqəti bir qədər də artırılıb. Yaşayış şəraitinin daha da müasir tələblərə uyğun formalaşması ilə bağlı məlumatlarımız var. Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şurada da dostlarımız var. Onlardan aldığımız məlumatlar da deməyə əsas verir ki, həbsxanalardakı vəziyyət normaldır. Ən azından həbsxana rejiminə uyğundur. Fərqli fikirlərin olması təbii qəbul edilə bilər. Geniş anlamda həbsxanalarda saxlanılma şəraiti, eyni zamanda məhbuslara münasibətlə bağlı problemlər yox səviyyəsindədir”.