AMİP-30

Avropanın diqqəti Bakıda: Regionun açar dövləti Azərbaycandır

“Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasın “Avropa Siyasi Birliyinin” İrəvanda keçirilən 8-ci Zirvə toplantısından dərhal sonra Bakıya gələrək Prezident İlham Əliyevlə görüşməsi regionun əsas dövlətinə – Azərbaycana olan münasibətin göstəricisidir”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, Aİ və AK rəhbərliyində olan şəxslər başa düşürlər ki, regionda Azərbaycansız heç bir layihə icra oluna bilməz:

“Ölkəmiz Cənubi Qafqazın həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən lider dövlətidir. Regiondakı proseslərdə rolumuz danılmazdır. İkinci Qarabağ müharibəsindəki qələbəmiz yeni reallıqlar formalaşdırıb. Rəsmi Bakı müharibədən dərhal sonra sülh təşəbbüsü ilə çıxış etdi. Artıq regiona dayanıqlı sülh gəlib. Təbii ki, regionda əmin-amanlıq Aİ-nin də maraq dairəsindədir. Çünki qurum sabitlikdən istifadə edib layihələrini də reallaşdırmaq niyyətindədir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan Zəngəzur dəhlizi həm Avropa, həm Asiya ölkələri, eyni zamanda ABŞ üçün yeni imkanlar yaradacaq”.

Deputat əlavə edib ki, müxtəlif qruplar Azərbaycan-Aİ münasibətlərinə zərbə vurmağa çalışsa da, bu alınmayıb:

“Kaya Kallas xüsusi vurğulayıb ki, o, Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir. Aİ rəsmisi bu imkanı “tarixi fürsət” adlandırıb. Qurum müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Onlar, həmçinin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə də dəstək verirlər. Hesab edirəm ki, Kallasın səfəri Azərbaycanın digər Aİ strukturları ilə münasibətlərinə təkan verəcək. Rusiya-Ukrayna müharibəsi Azərbaycana olan marağı daha da artırdı. Davamlı olaraq apardığımız siyasət Avropa liderlərinin diqqətini çəkdi və bu kontekstdə onlar da Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyir”.