Azərbaycan faşizm üzərində qələbəyə layiqli töhfə verib
Bu gün alman faşizmi üzərində tarixi qələbədən 81 il keçir.
Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.Qələbə Günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir. Qeyd edək ki, 1941-ci il iyunun 22-də Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib.
Müharibə 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.
Müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.
İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4 %-ni təşkil edib.
Azərbaycan Milli İstiqlal partiyasının sədri Arzuxan Əlizadə “Cebheinfo.az”-a şərhində qeyd edib ki, 9 may Qələbə Günü hər zaman qeyd olunmalıdır:
“O zaman Sovet xalqları ilə yanaşı Azərbaycan xalqı da bu müharibədə öz qəhramanlığını göstərib. Qələbənin əldə olunmasında Azərbaycanın böyük xidmətləri olub. Cəbhədə faşistlərə qarşı istifadə olunan bütün texnikalar – tanklar, təyyarələr və hərbi maşınların yanacağının 90 % -i Bakı nefti ilə təmin edilib. Ona görə də bu böyük qələbədə Azərbaycanın xüsusi rolu danılmazdır.
Eyni zamanda 660 min azərbaycanlı bu müharibəyə səfərbər olunmuşdu. Ağır döyüşlərin getdiyi cəbhə zonalarında Azərbaycanın igid oğulları, hətta qızları Alman faşistlərinə qarşı qəhramancasına vuruşublar. Onlarından 300 mindən çoxu geri qayıtmayıb, müharibədə həlak olub və itkin düşüblər. Bir çox Azərbaycan oğulları – Həzi Aslanov, İsrafil Məmmədov və digərləri öz igidliklərinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər.
Bildirim ki, faşizm üzərində qələbənin əldə olunmasında böyük xidmətləri olan və fədəkarlıq göstərən babalarımızın nəvələri və nəticələri erməni faşizmini məhv etdilər və torpaqlarımızı erməni işğalından azad etdilər. Ermənilərin siyasəti də elə faşizm idi. Bu səbəbdən 9 may hər zaman qeyd olunmalıdır. Babalarımızın qəhramanlığı unudulmamalıdır”.