AMİP-30

Heydər Əliyev partiya sədrlərinin yaddaşında necə qalıb…

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Azərbaycan tarixində mühüm rol oynamış Heydər Əliyev müxtəlif siyasi düşərgələri təmsil edən şəxslərin yaddaşında təkcə dövlət başçısı kimi deyil, həm də fərqli xatirələrlə qalıb.

Modern.az saytı parlamentdə təmsil olunan siyasi partiya sədrlərinin Heydər Əliyevlə bağlı xatirələrini, onunla görüşüb-görüşmədiklərini və digər düşüncələrini öyrənib.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin formalaşmasında rolu olan çox böyük şəxsiyyətdir. Azərbaycan dövlətçiliyiinin qorunub saxlanılmasında, möhkəmlənməsində və bugünkü qüdrətli ölkəyə çevrilməsində Heydər Əliyevin xidmətləri misilsizdir. Heydər Əliyevin Azərbaycana rəhbərliyi iki dövrə təsadüf edib: sovet dövrü (1969-1982) və müstəqillik dövrünə (1993-2003).
1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı. Mübaliğəsiz demək olar ki, o, Azərbaycanı düşdüyü çox böyük bəlalardan xilas etmiş oldu. Onun qətiyyətli siyasəti o zamankı siyasi xaosun və vətəndaş müharibəsinin qarşısını aldı. Dövlət və hökumət strukturlarının möhkəmləndirilməsi, iqtisadi qüdrətimizin artırılması, ölkəmizin dünyada tanıdılması və balanslaşdırılmış xarici siyasətlə Azərbaycanın faktiki olaraq bugünkü qüdrətli dövrünə gəlib çıxmasında Heydər Əliyevin xidmətləri misilsizdir. Xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi potensialdan istifadə etməsində mühüm rol oynadı və onun beynəlxlaq təhlükəsiliyinin qarantı oldu.

 Heydər Əliyevlə mənim bir sıra xatirələrim var. Onu ilk dəfə 1981-ci ildə 16 yaşım olanda indiki Bakıxanov qəsəbəsinə gələndə görmüşdüm və fikirləri ilə tanış oldum. İkinci xatirəm isə 5 il sonraya -1986-cı ilə təsadüf edir. Belə ki, o vaxt ziyalıların övladlarının Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsinə sənəd verməsi qadağan edilmişdi. 5 il ərzində apardığımız mübarizəyə baxmayaraq, mənim də sənədlərim qəbul edilmədi. Həmin il Heydər Əliyevin Moskvadan Bakıya gəlişi xoş bir təsadüf oldu. Valideynlərimin onunla görüşündən sonra, bu qadağa aradan qaldırıldı. Bununla da təkcə mənim üçün deyil, həmin il Hüquq fakultəsinə qəbul olunmaq istəyən bir çox gənc üçün şərait yaradılmış oldu. Sənədlərin qəbulunda olan mane aradan qaldırıldı. Çox xoş xatirədir. Hər zaman bunu xatırlayıram. Heydər Əliyev çox böyük tarixi şəxsiyyətdir. Bir daha deyirəm ki, Azərbaycan dövlətinin bugünkü qüdrətinə çatmasında, formalaşmasında Heydər Əliyev misilsiz xidmətləri olub. Onun xatirəsi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq. Allah rəhmət etsin”.