AMİP-30

“Şagird müəllimdən yalnız bilik deyil, həm də davranış qaydaları öyrənir” – Millət vəkili

Məktəbdə geyim qaydaları uzun illərdir təhsil mühitinin vacib elementlərindən biri hesab olunur. Şagirdlər üçün vahid məktəbli forması tətbiq edildiyi halda, müəllimlərin geyimi ilə bağlı standartların müəyyənləşdirilməsi məsələsi də zaman-zaman müzakirə mövzusuna çevrilir. Bəs müəllimlər üçün vahid və ya müəyyən çərçivələri olan geyim qaydalarının tətbiqi niyə vacibdir?

Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, müəllimlərin standart geyimi ilə bağlı məsələ bir sıra ölkələrin təcrübəsində mövcuddur:

“Xarici ölkələrdə bəzi ümumtəhsil və ali təhsil müəssisələrində müəyyən geyim standartları tətbiq olunur. Bu qaydalar əksər hallarda ümumi qanunvericiliklə deyil, həmin təhsil müəssisələrinin rəhbərliyi tərəfindən müəyyən edilir. Artıq uzun müddətdir ki, ümumtəhsil məktəblərində şagirdlər üçün vahid geyim forması tətbiq olunur və bu, olduqca düzgün yanaşmadır. Keçmiş dövrlərdə, xüsusilə Sovet İttifaqının dağılmasından sonrakı illərdə belə bir sistemin olmaması müəyyən problemlər yaradırdı. Bu vəziyyət şagirdlər arasında fərqliliklərin daha qabarıq görünməsinə, xüsusilə aztəminatlı ailələrdən olan uşaqların xoşagəlməz hisslər keçirməsinə səbəb olurdu. Eyni zamanda, şagirdlər tərəfindən təhsil mühitinə uyğun olmayan geyimlərdən istifadə edilirdi ki, bu da məqsədəuyğun deyildi. Vahid geyim formasına keçid ümumtəhsil məktəbləri üçün düzgün addım oldu və hesab edirəm ki, nəticələri də kifayət qədər uğurludur”.

Deputat deyib ki, müəllimlərin geyimi ilə bağlı məsələnin tənzimlənməsi isə müvafiq dövlət qurumlarının səlahiyyətinə aiddir:

“Təhsil Nazirliyi və ya digər aidiyyəti qurumlar bu sahədə müəyyən normalar tətbiq edə bilər. Hesab edirəm ki, müəllimlər üçün vahid forma məcburi olmasa da, müəyyən məhdudiyyət və tələbləri özündə ehtiva edən geyim qaydalarının olması məqsədəuyğundur.

Çünki şagird müəllimdən yalnız bilik deyil, həm də davranış qaydaları öyrənir. Uşaqlar ailədə valideynlərindən nümunə götürdükləri kimi, günün əhəmiyyətli hissəsini keçirdikləri məktəbdə də müəllimlərdən təsirlənirlər. Onlar müəllimlərdən biliklərlə yanaşı, etik davranış normalarını, milli mənəvi dəyərləri və digər vacib keyfiyyətləri də mənimsəyirlər. Bu baxımdan müəllimin geyim tərzi də şagirdlərin gələcəkdə həm geyim zövqünün, həm də ümumi dünyagörüşünün formalaşmasına müəyyən təsir göstərir. Bu səbəbdən müəllimlərin də müvafiq normalar çərçivəsində geyinməsi zərərli deyil. Əksinə, bu məsələ müzakirə edilə, mütəxəssislərin rəyləri öyrənilə və daha sonra uyğun qərarlar qəbul oluna bilər.

Ümumilikdə hesab edirəm ki, geyim tərzi təhsil prosesinin vacib komponentlərindən biridir. Necə ki, şagirdlərin geyimi müəyyən tələblərə uyğun olmalıdır, müəllimlərin geyimi də təhsil mühitinə və peşənin nüfuzuna uyğun seçilməlidir. Biz gənc nəslin həm milli mənəvi dəyərlərə sadiq, həm də müasir çağırışlara uyğun formalaşmasını istəyiriksə, bu prosesdə bütün komponentlər mühüm rol oynayır. Elmi biliklərlə yanaşı, davranış, ünsiyyət və xarici görünüş də formalaşdırıcı amillərdəndir. Bu baxımdan geyim tərzi şagirdlərin formalaşmasına təsir edən vacib komponentlərdən biridir və hesab edirəm ki, bu sahədə də müəyyən standartlar olmalıdır”, – deyə o qeyd edib.

Beləliklə, məktəblərdə geyim mədəniyyətinin tənzimlənməsi təhsilin keyfiyyətini və şagirdlərin mənəvi inkişafını tamamlayan vacib elementlərdən biridir. Müəllimlər üçün müəyyən ediləcək geyim standartları daxili nizam-intizamı gücləndirməklə yanaşı, məktəb mühitinin peşəkar statusunu qorumağa xidmət edəcək.