AMİP-30

Deputatlar hansı verilişlərə baxırlar?

Televiziya qarşısında keçirdiyimiz dəqiqələr, əslində, cəmiyyət olaraq maraqlarımızın, zövqümüzün və intellektual tələblərimizin aynasıdır. Son vaxtlar yerli efir məkanında aparılan islahatlar, bəzi qalmaqallı və sosial layihələrin qapadılması teleməkanın funksiyası ile bağlı müzakirələri yenidən alovlandırıb. Görəsən, hər gün cəmiyyətin problemlərini müzakirə edən, qanunlar təklif edən millət vəkillərimiz pultu əllərinə alanda özləri hansı verilişləri seçirlər? Onlar efirdə cəmiyyətin real mənzərəsini görə bilirlərmi?

Modern.az olaraq deputatlar arasında sorğu keçirdik və onlardan hansı proqramları izlədiklərini, yerli televiziyaların mövcud vəziyyətini necə dəyərləndirdiklərini soruşduq. Məlum oldu ki, millət vəkilləri əyləncəli və şou xarakterli kontentlərdən uzaq durmağa çalışır, daha çox xəbər, analitika və intellektual layihələrə üstünlük verirlər.

Bu məqamda televiziyaların formatında ciddi dəyişikliyə ehtiyac olduğunu düşünən Arzuxan Əlizadə də milli-mənəvi dəyərlərə zərbə vuran, gənclərin zövqünü korlayan bəzi əyləncəli verilişlərin bağlanmasını müsbət addım kimi dəyərləndirir. Özünün daha çox ciddi xəbər proqramlarını izlədiyini deyən A. Əlizadə, hazırda yerli uşaq filmlərinin və seriallarının yoxluğundan gileylənir. O, xaricdən gələn aqressiv məzmunların məktəblərdə bullinqi artırdığını, buna görə də uşaqlara mərhəmət aşılayan və tarixi qəhrəmanlarımızı tanıdan yeni yerli ekran işlərinin çəkilməli olduğunu vurğulayır.