Azərbaycandakı partiyaların Türk dünyası şöbəsi varmı? – SORĞU
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində siyasi, iqtisadi və humanitar inteqrasiya proseslərinin sürətləndiyi bir dövrdə üzv ölkələrin siyasi partiyalarının Türk dünyası ilə əməkdaşlıq sahəsində fəaliyyət mexanizmləri də diqqət mərkəzinə çıxır. Qardaş Türkiyənin hakim partiyasında Türk dünyası ilə əlaqələrə cavabdeh ayrıca şöbənin fəaliyyət göstərməsi fonunda Azərbaycandakı siyasi partiyaların bu istiqamətdə hansı institusional imkanlara malik olduğu maraq doğurur. Azərbaycan partiyalarında Türk dünyası ilə bağlı ayrıca struktur bölmələrin olub-olmaması, eləcə də gələcəkdə belə qurumların yaradılması perspektivi ilə bağlı məsələni araşdırdıq.
Modern.az-a açıqlamasında deputat, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə gələcəkdə belə bir təşkilat yaratmağı düşündüklərini söyləyib:
“Türk Dövlətləri Təşkilatı sürətlə inkişaf edir. Üzv ölkələr arasında müxtəlif sahələr üzrə inteqrasiya sürətlənib. Bu, hər birimizi qürurlandıran, sevindirən hadisədir. TDT çoxqütblü olmaq yolunda irəliləyən dünyanın əsas qütblərindən birinə çevrilməlidir. Siyasi partiyalararası münasibətlərin yaxınlaşması əsas hədəflərdən biridir.
Bütövlükdə regionda, Türk dünyasında baş verən məsələlərin partiyalar tərəfindən mövqelər uzlaşdırılaraq müzakirə olunması və vahid siyasətin yürüdülməsi əhəmiyyətli məsələdir. Hələ ki elə strukturlaşmış təşkilatımız yoxdur. Amma ayrı-ayrılıqda istər Türkiyədə, istərsə də Özbəkistanda müxtəlif siyasətçilərlə əlaqələrimiz var.
Təəssüf doğuran bir reallığı qeyd etmək istəyirəm ki, Türkiyənin hakim partiyası yalnız hakim partiya ilə münasibətlərini yüksək səviyyədə qurub, digər partiyalarla əlaqələrdə isə maraqlı görünmür. Təbii ki, bu da təqdir ediləsi haldır. İstənilən halda bu, dövlətlərimiz arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edən məsələdir.
Eyni zamanda dövlətçilik baxımından əhəmiyyətli fəaliyyətlə məşğul olan digər siyasi partiyalarla da əlaqələrin qurulmasında fayda var. Türkiyədə fəaliyyət göstərən digər partiyalarla, o cümlədən MHP və İYİ Partiya ilə əlaqələrimiz olub. İqtidar partiyasının yürütdüyü siyasət hesab edirəm ki, bizə daha yaxındır. Ayrı-ayrı siyasətçilərlə də əlaqələrimiz var.
Gələcəkdə AMİP-də də bu istiqamətdə strukturlaşmış təşkilatların yaradılmasına ehtiyac var. Bu məsələ partiya daxilində Siyasi Şuranın və digər qurumların kollegial müzakirələrində də təklif kimi irəli sürülüb. Yəqin ki, yaxın gələcəkdə bu məsələyə önəm verərək, strukturlaşmış qurumlar vasitəsilə Türk dünyasında fəaliyyət göstərən digər siyasi partiyalarla münasibətlərimizin daha əlaqəli şəkildə yaxınlaşmasına rəvac verən addımlar atacağıq. Bu məsələlərin sistemli şəkildə idarə olunmasına çalışacağıq”.