AMİP-30

Avropa Şurasından birdəfəlik çıxırıq? – Siyasilər prezidenti dəstəkləyir

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı bildirib ki, Azərbaycan Avropa Şurasından (AŞ) tam çıxmağı nəzərdən keçirir.

İlham Əliyev Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəsin bunu hiss etməyəcəyini bildirib:

“Yəni burada çox şey dəyişməyəcək, bəlkə də bundan daha yaxşı olacaq”.

Dövlət başçısı qeyd edib ki, Avropa Şurasının Parlament Assablemsiyasında vaxtı ilə başqa bir mənzərə vardı:

“Mən təəssüf edirəm ki, belə bir hal baş verib. 2023-cü ildə biz öz legitim hüququmuzdan istifadə edərək seperatçıların əlində qalan torpaqlarımızı işğaldan azad etdik. Lakin Azərbaycanı cəzalandırmaq üçün qətnamələr qəbul etdilər.

2024-cü ildə yanvarında Azərbaycan nümayəndə heyətinin akkreditasiyanı sual altına çəkdilər və səsvermə hüququndan məhrum etdilər. Bu, sırf insan hüquqları ilə bağlı məsələ deyildi. Onunla bağlı olsaydı daha əvvəldən edərdilər. Bu, sadəcə bizimlə, ərazi bütövlüyümüzlə bağlı bir cəza idi. Azərbaycan nümayəndə heyəti çox müdrik qərar qəbul elədi. Onlar görüşlərdə iştirakdan imtina etdilər. Əgər bizim səsvermə hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq?!”

Prezident İlham Əliyev xatırladıb ki, yeri gəlmişkən Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə də səs verməyib:

“Buna görə də biz onların qərarlarını tanımırıq. Biz hakimlər üçün səs verməmişik, iki ildir biz ayrı-seçkiliyə məruz qalırıq. Açıq şəkildə deyirəm ki, Azərbaycan tam olaraq təşkilatdan çıxmağı gözdən keçirir. Nəinki üzvlüyümüzün dayandırılması, dondurulması, birmənalı olaraq həmin təchizatdan getməyimizi nəzərdən keçiririk”.

Qeyd edək ki, Azərbaycan Avropa Şurasına 2001-ci ilin yanvarın 25-də üzv qəbul olunub. İndiyə qədər Avropa Şurasını rəsmi olaraq yalnız iki ölkə tərk edib. Bunlardan biri Ukraynaya etdiyi təcavüzlə bağlı olaraq qurumdan xaric edilən Rusiyadır. Yunanıstan isə vaxtilə öz təşəbbüsü ilə qurumdan çıxıb, amma sonradan geri qayıdıb.

Milli Məclisin deputatı, AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, AŞ Azərbaycan torpaqları işğaldan azad edib, suverenlik və ərazi bütövlüyünü bərpa etdikdən sonra, dövlətimizə qarşı olduqca qərəzli mövqe nümayiş etdirməyə başlayıb:

“Azərbaycan Prezidentinin AŞ-dan çıxmağı nəzərdən keçirdiklərini deməsi, əslində konkret olaraq həmin qurumu tərk etməyimiz anlamına gəlmir. Sadəcə olaraq, bu ciddi bir mesajdır. Azərbaycan Avropa məkanı üçün kifayət qədər əhəmiyyətli bir ölkədir. Təəssüf ki, AŞ PA ölkəmizə yönəlik dost olmayan münasibət sərgiləyir. Bu münasibət davam edəcəksə, ölkəmizin burada gələcək mövcudluğumuz da ciddi sual altına düşəcək”.

A.Əlizadə deyir ki, Azərbaycan normal, sivil münasibətlərin formalaşmasında maraqlıdır və qarşı tərəfdən də adekvat münasibət gözləyir:

“Azərbaycan torpaqları işğal altında olduğu dövrdə işğalçıya sərt mövqe sərgiləməyən bu qurum təəssüf ki, torpaqlarımız işğaldan azad edildikdən sonra ölkəmizə münasibətdə sərt mövqe sərgiləyir. Birmənalı olaraq burada Azərbaycana yönəlik qərəz var. Həmin qərəz davam etdikcə, ölkəmiz tərəfindən də adekvat münasibət olacaq”.

BakuPost