AMİP-30

Ermənistan Rusiyanı Arbitraj Məhkəməsinə versə… – ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 30-da hökumətin iclasından sonra keçirdiyi brifinqdə Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı hüquqi müstəvidə, o cümlədən beynəlxalq arbitraj səviyyəsində mübahisənin yarana biləcəyini istisna etməyib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığı zamanı dəmir yolu məsələsi (Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolunun konsessiya əsasında idarə etdiyi dəmir yolu) müzakirə olunmayıb. Bununla belə, Baş nazir vurğulayıb ki, Ermənistan hökumətinin mövqeyi dəyişməz olaraq qalır: “Dəmir yolu Ermənistan Respublikasının mülkiyyətidir və dövlət ondan məqsədəuyğun hesab etdiyi şəkildə istifadə etməlidir”, – Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, Ermənistan hökuməti Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı məsələni Rusiya ilə dostluq şəraitində həll etməyə ümid edir. Bununla yanaşı, o qeyd edib ki, hüquqi baxımdan mübahisə yarana bilər və əgər Rusiya tərəfi ilə razılıq əldə olunmasa, məsələ Beynəlxalq Arbitraj Məhkəməsinə çıxarıla bilər.

Milli Məclisin deputatı Arzuxan Əlizadənin fikrincə, Ermənistanın bu məsələ ilə bağlı mövqeyinin yaxın perspektivdə əsaslı şəkildə dəyişəcəyini gözləmək çətindir. Musavat.com-a şərhində deputat bildirib ki, rəsmi İrəvan son illər ölkənin strateji infrastrukturunun idarə olunmasında dövlət nəzarətini gücləndirməyə çalışdığını açıq şəkildə nümayiş etdirir: “Nikol Paşinyanın səsləndirdiyi fikirlər də göstərir ki, Ermənistan hökuməti dəmir yolunu ölkənin suveren mülkiyyəti kimi qiymətləndirir və onun idarə olunması ilə bağlı qərarların yalnız Ermənistan tərəfindən verilməli olduğunu düşünür. Bununla belə, məsələ, təkcə siyasi bəyanatlarla məhdudlaşmır. Mövcud konsessiya müqaviləsinin şərtləri, tərəflərin qarşılıqlı öhdəlikləri və beynəlxalq hüququn tələbləri nəzərə alındıqda, fikir ayrılıqlarının hüquqi müstəviyə, o cümlədən beynəlxalq arbitraja daşınması real ehtimaldır.

Əgər tərəflər dialoq yolu ilə ortaq məxrəcə gələ bilməsələr, mübahisənin məhkəmə və ya arbitraj instansiyalarında həllinə cəhd göstərilməsi mümkündür. Ümumilikdə isə bu məsələ Cənubi Qafqazda nəqliyyat-kommunikasiya layihələrinin gələcəyinə də təsir edən amillərdən biridir. Regionda sabitliyin və iqtisadi əməkdaşlığın möhkəmlənməsi üçün belə mübahisələrin qarşıdurma yolu ilə deyil, hüquqi mexanizmlər və konstruktiv danışıqlar vasitəsilə həll olunması daha məqsədəuyğun olardı”.