Deputat: Azərbaycan-Qırğızıstan müttəfiqliyi Türk dünyasında inteqrasiyanı daha da gücləndirəcək
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”imzalanıb.
Sənəd iki ölkə arasında münasibətlərin strateji səviyyədə daha da inkişaf etdirilməsini nəzərdə tutur.
Mövzu ilə bağlı Bakues.az-a açıqlama verən Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin qurulması iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir.
Deputatın sözlərinə görə, bu münasibətlər siyasi dialoqla yanaşı, iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, enerji, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil, turizm və müdafiə sənayesi kimi strateji sahələrdə əməkdaşlıq imkanlarını daha da genişləndirəcək.
Arzuxan Əlizadə qeyd edib ki, Xəzər dənizi üzərindən Orta Dəhlizin inkişafı, qarşılıqlı investisiyaların təşviqi və biznes əlaqələrinin gücləndirilməsi hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir.
Onun fikrincə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə də mühüm töhfə verir.
Deputat hesab edir ki, imzalanan müttəfiqlik müqaviləsi gələcəkdə Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək.
“Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə fəaliyyətin genişlənməsi, ortaq layihələrin həyata keçirilməsi və siyasi həmrəyliyin güclənməsi Türk dünyasında inteqrasiyanın sürətlənməsinə mühüm töhfə verəcək”, – deyə o bildirib.
Arzuxan Əlizadənin sözlərinə görə, ortaq tarixə, mədəniyyətə və dəyərlərə malik olan Azərbaycan və Qırğızıstan münasibətlərini konkret iqtisadi və geosiyasi layihələrlə zənginləşdirərək regionda əməkdaşlığın və birliyin güclənməsinə xidmət edən nümunəvi tərəfdaşlıq modeli formalaşdırırlar.