AMİP-30

Moskvanın Azərbaycana qarşı informasiya savaşı – Media Bakını niyə hədəfə alıb?

Son günlər Azərbaycan-Rusiya münasibətlərində müşahidə olunan gərginliyin artıq diplomatik narazılıq çərçivəsini aşaraq informasiya qarşıdurması müstəvisinə keçdiyi müşahidə olunur. Rusiya media məkanında Azərbaycana, onun suverenliyinə və dövlət rəhbərliyinə qarşı artan təhdid ritorikası Bakının adekvat və sərt reaksiyası ilə qarşılanır.

Azərbaycan Rusiya informasiya məkanında açıq-aşkar düşmənlik və təhdid nitqləri ilə çıxış edən şəxslərə qarşı hüquqi müstəvidə qətiyyətli tədbirlər görməyə başlayıb. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən ölkəyə qarşı açıq şəkildə ərazi bütövlüyünü şübhə altına alan, nifaq toxumu səpən 3 rusiyalı jurnalist və ekspert barəsində həbs qətimkan tədbiri seçilib, onlar beynəlxalq axtarışa verilib.

Rusiya kütləvi informasiya vasitələrində ölkəmizə qarşı aparılan məqsədyönlü qaralama kampaniyasına Mətbuat Şurası da kəskin etirazını bildirib. Bəyanatda vurğulanır ki, Rusiya media məkanında Azərbaycana qarşı işlədilən təhdid xarakterli fikirlər, təhqiramiz ifadələr iki ölkə arasındakı müttəfiqlik ruhuna tamamilə ziddir və bu cür təxribatçı ritorika dərhal dayandırılmalıdır.

Mövzu ilə bağlı 247press.media-ya danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə Rusiya tərəfinin bu addımlarının yolverilməz olduğunu vurğulayıb.

Deputat bildirir ki, Azərbaycan hər zaman imzaladığı sənədlərə və qonşuluq münasibətlərinə sadiq qalıb.

“Rusiya kütləvi informasiya vasitələrinin Azərbaycana, Azərbaycan xalqına və rəhbərliyinə sərgilədiyi bu mövqe heç bir halda qəbul edilə bilməz. Ukrayna müharibəsində bataqlığa batan Rusiya öz daxili uğursuzluqlarını kompensasiya etmək üçün yeni “düşmən” axtarışındadır. Bütün Avropa ilə savaşda olduğu bir vaxtda Türkiyə və Azərbaycan Rusiya üçün bir nəfəslik rolunu oynayıb. Əgər Moskva bu nəfəsliyi də bağlamaq istəyirsə, bu, yalnız onun özünə zərər vuracaq. Azərbaycana təhqiramiz münasibət sərgilənməsi cavabsız qalmayacaq və artıq adekvat addımlar atılır”.