AMİP-30

Arzuxan Əlizadə: “Tehran hələlik diplomatik kanalları açıq saxlamaqda maraqlıdır”

Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Arzuxan Əlizadədir.

– Zəngəzur dəhlizinin – TRIPP-in reallaşması İran-Ermənistan münasibətlərinə, Azərbaycanla İran arasındakı əlaqələrə və bütövlükdə Cənubi Qafqazda güc balansına necə təsir göstərəcək?

– TRIPP-in reallaşması Cənubi Qafqazın nəqliyyat və geoiqtisadi xəritəsində ciddi dəyişikliklər yarada bilər. İlk növbədə, Azərbaycanla Naxçıvan arasında yeni bağlantının formalaşması regionun Şərq–Qərb nəqliyyat dəhlizlərinə inteqrasiyasını gücləndirəcək. Bu proses İran üçün həm müəyyən çağırışlar, həm də yeni imkanlar yaradır. İran ərazisindən keçən marşrutlarla yeni formalaşacaq bağlantılar arasında rəqabət yarana bilər. Bununla belə, hesab edirəm, TRIPP Azərbaycan–İran münasibətlərinin mütləq şəkildə pisləşməsinə səbəb olmamalıdır. Əksinə, Azərbaycan İranla Şimal-Cənub dəhlizi, enerji, ticarət və nəqliyyat sahələrində əməkdaşlığı davam etdirə bilər. Ümumilikdə isə TRIPP regionda bir ölkənin dominantlığını deyil, çoxşaxəli nəqliyyat və iqtisadi əlaqələr sistemini gücləndirə bilər.

– İranlı general Yəhya Rəhim Səfəvinin TRIPP layihəsini İran üçün “təhlükə” adlandırması və ABŞ hərbi qüvvələrinin Ermənistan ərazisində təhlükəsizlik məsuliyyəti daşıyacağı təqdirdə “müvafiq tədbirlər” görüləcəyini açıqlaması nə dərəcədə ciddi hərbi-siyasi xəbərdarlıqdır?

– Yüksəksəviyyəli iranlı generalın belə açıqlama verməsi, şübhəsiz, ciddi siyasi-hərbi mesajdır. Xüsusilə “müvafiq tədbirlər” və “qisas” xarakterli ifadələrin işlədilməsi Tehranın layihənin təhlükəsizlik komponentinə həssas yanaşdığını göstərir. Ancaq bu açıqlamanı dərhal hərbi əməliyyat hazırlığı və ya konkret hərbi addım kimi qiymətləndirmək düzgün olmaz. Burada əsas məsələ İranın Ermənistan ərazisində ABŞ-nin mümkün hərbi və təhlükəsizlik iştirakını öz milli təhlükəsizliyinə təhdid hesab etməsidir. Eyni zamanda, Rəhim Səfəvinin Ermənistanla danışıqların davam etdiyini vurğulaması göstərir ki, Tehran hələlik diplomatik kanalları açıq saxlamaqda maraqlıdır. Ona görə bu bəyanatı, ilk növbədə, ciddi xəbərdarlıq və çəkindirmə mesajı kimi qiymətləndirərdim.