“Azərbaycan-Ermənistan münasibətlərində siyasi bəyanatlar artıq real əməkdaşlıq mərhələsinə keçir” – Arzuxan Əlizadə
“Prezident İlham Əliyevin Bişkekə rəsmi səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında iştirakı Azərbaycanın həm regional, həm də beynəlxalq proseslərdə artan nüfuzunun bariz göstəricisidir”.
Bu fikirləri Milli Məclisin deputatı Arzuxan Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekə reallaşdırdığı səfərin yekunlarını Patrul.az-a şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın ŞƏT platformasında fəal təmsil olunması ölkəmizin qlobal mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir:
“ŞƏT hazırda dünyanın ən mühüm siyasi, iqtisadi və təhlükəsizlik platformalarından birinə çevrilib. Azərbaycan üçün bu nüfuzlu təşkilatda yer almaq yeni tərəfdaşlıq imkanlarının genişləndirilməsi ilə yanaşı, ölkəmizin nəqliyyat-logistika, enerji və geoiqtisadi təşəbbüslərinin təqdim edilməsi baxımından da strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, bu iştirak Mərkəzi Asiya dövlətləri ilə ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və Şərq-Qərb nəqliyyat dəhlizlərində Azərbaycanın tranzit mövqeyinin möhkəmlənməsinə ciddi töhfə verir”.
Həmsöhbətimiz Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşün önəmini də xüsusi vurğulayıb:
“Bişkekdə keçirilən bu görüş xüsusilə diqqətəlayiqdir. Danışıqlarda sülh prosesinin praktiki nəticələri, sərhədlərin delimitasiyası, iqtisadi-ticarət əlaqələri və TRIPP marşrutu üzrə bağlantı layihələrinin müzakirə edilməsi onu göstərir ki, Azərbaycan-Ermənistan münasibətlərində siyasi bəyanatlar artıq real əməkdaşlıq mərhələsinə keçir. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı və üçüncü ölkələrdən gələn yüklərin respublikamızın ərazisindən keçməklə Ermənistana tranziti sülhün artıq real iqtisadi dividendlər verdiyinin əyani sübutudur. Hesab edirəm ki, növbəti mərhələdə əsas diqqət əldə olunmuş razılaşmaların ardıcıl icrasına, delimitasiya prosesinin davam etdirilməsinə və regional kommunikasiyaların tam şəkildə açılmasına yönəldilməlidir”.