AMİP-30

“Türk dövlətləri arasında “vahid nəqliyyat məkanı” konsepsiyasının yaradılması gündəmə gətirilə bilər”

“Türk dövlətləri arasında sərhədkeçmə prosedurlarının və quru nəqliyyat əlaqələrinin sadələşdirilməsi, hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının inteqrasiya gündəliyində əsas istiqamətlərdən biri olmalıdır. Bu istiqamətdə vahid mexanizmin yaradılması tamamilə mümkündür və artıq mövcud əməkdaşlıq formatları bunun üçün kifayət qədər zəmin formalaşdırır. Xüsusilə rəqəmsal gömrük sistemlərinin inteqrasiyası, elektron sənədlərin qarşılıqlı tanınması, “vahid pəncərə” prinsipi, sürücülər və yük avtomobilləri üçün sadələşdirilmiş keçid prosedurlarının tətbiqi sərhədlərdə vaxt itkisini və bürokratik maneələri əhəmiyyətli dərəcədə azalda bilər. Bu mexanizmin formalaşdırılması yalnız vətəndaşların rahat hərəkəti baxımından deyil, Türk dövlətləri arasında ticarətin, turizmin və logistikanın inkişafı baxımından da böyük əhəmiyyət daşıyır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat qeyd edib ki, Azərbaycan xüsusi strateji mövqeyə malikdir: “Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi Türk dünyası arasında quru əlaqələrin gücləndirilməsində Azərbaycana mühüm rol verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz üzrə artan imkanlar vahid sərhəd və nəqliyyat mexanizmi ilə tamamlanarsa, Türk dövlətlərini birləşdirən daha çevik və effektiv iqtisadi məkanın formalaşmasına ciddi töhfə verə bilər. Düşünürəm ki, perspektivdə Türk dövlətləri arasında “vahid nəqliyyat məkanı” konsepsiyasının yaradılması gündəmə gətirilə bilər. Bunun üçün mərhələli şəkildə vizasız və ya sadələşdirilmiş keçid imkanlarının genişləndirilməsi, gömrük prosedurlarının rəqəmsallaşdırılması, nəqliyyat sənədlərinin qarşılıqlı tanınması və yükdaşımaların vahid standartlar əsasında həyata keçirilməsi mümkündür. Belə bir mexanizm Türk dünyasında inteqrasiyanın yalnız siyasi və mədəni deyil, həm də real iqtisadi və nəqliyyat məzmunu qazanmasına şərait yaradacaq. Azərbaycan isə coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və regional təşəbbüsləri ilə bu prosesin aparıcı iştirakçılarından biri ola bilər”.