“Şuşanın qayalarına yazı yazmaq şəhidlərin xatirəsinə hörmətsizlikdir” – Arzuxan Əlizadə
“Cıdır düzü və onun ətrafındakı sıldırım qayalıqlar Azərbaycan xalqının yaddaşında sadəcə təbiət mənzərəsi kimi deyil, Şuşanın tarixini və qəhrəmanlıq salnaməsini özündə yaşadan müqəddəs məkanlardan biri kimi qorunur. Bu ərazilərdə müxtəlif yazıların yazılması, qayaların üzərinin korlanması və mədəni irsimizə hörmətsiz münasibət göstərilməsi qəbuledilməzdir”.
Bu sözləri Milli Məclisin deputatı Arzuxan Əlizadə Patrul.az-a açıqlamasında Şuşada bəzi turistlərin qaya və daşların üzərinə yazılar yazmasına kəskin etirazını bildirərkən deyib.
Millət vəkili ölkəmizdə olan və ölkəmizə gələn xarici vətəndaşlara da çağırış edərək, onları tarixi abidələrimizə və mədəniyyətimizə hörmətlə yanaşmağa çağırıb:
“Əməlin xarici vətəndaşlar tərəfindən törədildiyinin bildirilməsi məsuliyyəti aradan qaldırmır. Azərbaycana gələn hər bir şəxs ölkəmizin tarixi-mədəni irsinə hörmət etməli və qanunvericiliyin tələblərinə riayət etməlidir.
Xüsusilə nəzərə almaq lazımdır ki, söhbət adi bir turizm məkanından getmir. Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda həmin sıldırım qayalıqları böyük çətinliklə, iplərlə dırmaşaraq keçib, ağır və əlbəyaxa döyüşlər aparıb. Bu torpaq Azərbaycan əsgərinin qanı və canı bahasına azad edilib. Ona görə də həmin qayalara yazı yazmaq, onları korlamaq və bu məkanlara məsuliyyətsiz yanaşmaq həm milli-mədəni irsimizə, həm də Şuşanın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə hörmətsizlikdir”.
Həmsöhbətimiz bu istiqamətdə tədbirlərin gücləndirilməsini tövsiyə edir:
“Düşünürəm ki, belə halların qarşısının alınması üçün nəzarət və maarifləndirmə tədbirləri gücləndirilməli, tarixi və mədəni əhəmiyyət daşıyan ərazilərdə davranış qaydaları daha ciddi şəkildə tətbiq olunmalıdır. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, milli yaddaşımızın, qəhrəmanlığımızın və Zəfər tariximizin rəmzidir. Bu məkanların qorunması yalnız aidiyyəti qurumların deyil, Azərbaycana səfər edən hər bir şəxsin və hər bir vətəndaşın məsuliyyətidir”.