AMİP-30

Afsəddin Nəbiyev: “Ermənistan Rusiyadan enerji asılılığını azaltmaq istəyirsə, bunun alternativi hansı istiqamət olacaq?”

Ermənistan hökuməti iş adamı Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri”nin səhmlərinin 100 faizinin dövlətə təhvil verilməsini və özgəninkiləşdirilmə prosesinin 2027-ci il oktyabrın 1-dək başa çatdırılmasını təklif edir.

Müraciətə baxılması sentyabrın 24-dək davam edəcək. Layıhəyə əsasən, səhmlərin alıcısı kimi Ermənistan dövləti çıxış edəcək, özgəninkiləşdirmə prosesini isə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi əlaqələndirəcək. Prosesə 2027-ci il iyulun 1-dək başlamaq planlaşdırılır.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, bu addımın yalnız bir sahibkarlıq subyektinin taleyi ilə məhdudlaşdığını düşünmək düzgün olmazdı: “Ermənistanın enerji təhlükəsizliyinin əsas seqmentlərindən birinin dövlət nəzarətinə keçirilməsi İrəvanın strateji infrastruktur üzərində nəzarəti gücləndirmək, xarici təsirləri azaltmaq və enerji sistemində daha müstəqil qərarvermə imkanları yaratmaq cəhdi kimi nəzərdən keçirilə bilər. Lakin burada daha mühüm məsələ ortaya çıxır. Ermənistan Rusiyadan iqtisadi və enerji asılılığını azaltmaq istəyirsə, bunun alternativi hansı istiqamət olacaq? Əsas məsələ budur. Birmənalı olaraq aydındır ki, Cənubi Qafqazda yeni iqtisadi reallıq Azərbaycanın yaratdığı imkanları nəzərə almadan formalaşa bilməz. Azərbaycan artıq enerji təhlükəsizliyi, nəqliyyat-logistika, tranzit və regional bağlantılar sahəsində mühüm mövqeyə malikdir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanın strateji xətti qarşıdurma deyil, əməkdaşlıq, sülh, enerji təhlükəsizliyi və regional bağlantıların inkişafıdır. Azərbaycanın mövqeyi burada xüsusilə prinsipialdır. Güclü dövlət olaraq biz regionda yeni iqtisadi münasibətlərin qurulmasına hazırıq. Lakin bu münasibətlər qarşılıqlı hörmət, suverenlik və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanmalıdır. Bu baxımdan Ermənistanın iqtisadiyyatının və enerji sisteminin şaxələndirilməsi onun daxili seçimidir. Ancaq Ermənistan üçün real alternativlərdən danışarkən coğrafiyanın diktə etdiyi imkanları görməmək mümkün deyil. Azərbaycan ərazisi artıq regional və beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin mühüm hissəsinə çevrilib. Azərbaycan həm enerji ixracatçısı, həm də Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində mühüm tranzit mərkəzidir”.

A.Nəbiyev onu da qeyd edib ki, daha da əhəmiyyətlisi, Azərbaycan artıq Ermənistanla iqtisadi əlaqələrin qurulması istiqamətində konkret addımlar atır: “Prezident İlham Əliyevin 31 avqust 2026-cı ildə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən malların Azərbaycan ərazisi ilə Ermənistana tranziti və iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin real nümunələri kimi qeyd olunub. Bu faktlar göstərir ki, Azərbaycan Ermənistan üçün yalnız siyasi və təhlükəsizlik baxımından deyil, iqtisadi, enerji və logistika baxımından da mühüm regional tərəfdaş ola bilər. Ermənistanın Rusiyadan asılılığını azaltması avtomatik olaraq Azərbaycanın maraqlarına zidd proses deyil. Əksinə, əgər bu proses Ermənistanı daha açıq, rəqabətli, regional iqtisadi əməkdaşlığa hazır və qonşuları ilə normal münasibətlər qurmağa sövq edərsə, bu, bütün Cənubi Qafqaz üçün müsbət nəticə verə bilər. Azərbaycanın əsas üstünlüyü isə ondadır ki, ölkəmiz bu mərhələyə daha hazırlıqlı daxil olur. Biz enerji resurslarını, nəqliyyat infrastrukturunu və coğrafi mövqeyimizi regional əməkdaşlığın alətinə çevirmişik. Bu gün Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil, həm də regionun əsas enerji və nəqliyyat qovşaqlarından biridir. Ona görə də Ermənistan qarşıdakı mərhələdə seçim qarşısında qalacaq. Köhnə asılılıqların birindən digərinə keçmək, yoxsa Azərbaycanın da daxil olduğu yeni regional iqtisadi sistemdə bərabərhüquqlu iştirakçıya çevrilmək. Bizim mövqeyimiz aydındır. Azərbaycan heç bir ölkənin daxili iqtisadi qərarlarına müdaxilə etmir. Lakin Azərbaycanın milli maraqları, suverenliyi və regional liderliyi də müzakirə mövzusu deyil.

Cənubi Qafqazda yeni iqtisadi düzən formalaşır. Bu düzənin əsas şərtlərini artıq təkcə kənar güclər müəyyən etmir. Azərbaycanın gücü, coğrafiyası, enerji potensialı, nəqliyyat imkanları və yaratdığı yeni bağlantılar regionun gələcək iqtisadi xəritəsinin əsas amillərindəndir. Ermənistanın qarşısında isə ən rasional yol qonşuları ilə normal münasibətlər qurmaq, iqtisadi və enerji imkanlarını şaxələndirmək və regionda yaranan yeni əməkdaşlıq imkanlarından faydalanmaqdır”.