AMİP-30

Arzuxan Əlizadə: “Beynəlxalq müstəvidə bəzi dövlətlərə izah etdik ki, bizim kiminsə torpağında gözümüz yoxdur”

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib ki, antiterror əməliyyatına biz bir neçə cəbhədə fəaliyyət göstərmişik:

“Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi. Biz bir gün belə ara vermədik, bu şərəfli missiyamızın həyata keçirilməsində biz bir gün də istirahət etmədik. Nəticə etibarilə İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində biz bir neçə cəbhədə fəaliyyət göstərmişik. Həm siyasi müstəvidə ki, bizə qarşı olan ermənipərəst ölkələr öz çirkin əməllərinə nail olmasınlar, beynəlxalq təşkilatlarda çox ciddi beynəlxalq maarifləndirmə kampaniyası aparmışdıq və torpaqda. Həm Qarabağ bölgəsində öz strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırdıq və bir neçə uğurlu hərbi əməliyyat keçirilmişdir”.

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, 44 günlük Vətən müharibəsindən sonra bu yöndə həqiqətən də böyük işlər görülüb: “Düzdür, İkinci Qarabağ müharibəsində işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi. Ancaq müəyyən səbəblərdən həmin vaxt Qarabağa tam nəzarəti təmin etmək mümkün olmadı. Rusiya prosesə müdaxilə etdi. Ancaq həmin vaxt Azərbaycanın müharibəni dayandırması doğru qərar idi. Həmin dövrdə erməni lobbisi bütün resurslarını səfərbər edərək beynəlxalq miqyasda Azərbaycana təzyiqlər göstərməyə çalışırdılar. İkinci Qarabağ Müharibəsindən dərhal sonra, 2020-ci ilin noyabr və dekabr aylarında Fransa parlamentinin hər iki palatası (Senat və Milli Assambleya) hökuməti Qarabağdakı separatçı rejimin “müstəqilliyini” tanımağa çağıran qətnamələr qəbul etdi. Düzdür, həmin qətnamələr tövsiyə xarakterli sənədlər idi. Fransa qanunvericiliyinə görə, xarici dövlətlərin müstəqilliyinin tanınması parlamentin deyil, birbaşa Fransa hökumətinin səlahiyyətinə daxildir. Ancaq istənilən halda bu kimi qərarların beynəlxalq təzyiqə çevrilməməsi istiqamətində başda Prezident olmaqla Azərbaycan beynəlxalq müstəvidə ciddi iş apardı. Nəinki Fransa, Belçika, Niderland da o zaman ermənipərəst mövqedən çıxış edirdi. Həmin ölkələrin parlamentləri Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etdilər. Azərbaycan tərəfi beynəlxalq müstəvidə bəzi dövlətlərə izah etdi ki, bizim kiminsə torpağında gözümüz yoxdur. Ölkəmiz beynəlxalq hüquqa dayanaraq bizə məxsus olanı tələb edir. Antiterror əməliyyatlarına qədər paralel olaraq hərbi müstəvidə də lokal çərçivədə bir sıra işlər görüldü. Qarabağda bir sıra hakim yüksəkliklər ordumuzun nəzarətinə keçdi. Bütün bunlar 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatlarının keçirilməsində mühüm rol oynadı”.