AMİP-30

“Ölkədə “kölgə” iqtisadiyyatı ilə yanaşı “kölgə” siyasəti də elan olunan islahatları sabotaj edir…”

“Yerlərdə rəhbər məmurlara bu barədə sual verəndə hamısı barmaqları ilə yuxarını göstərir və bildirirlər ki, guya oradan gələn göstəriş əsasında filan qərarlar qəbul olunur…”

“Dövlət başçısı tərəfindən elan olunan islahatlar, məqsədli işlər var. Ancaq fakt budur ki, onların həyata keçirilməsi sabotaj təhlükəsi altındadır…”

AMİP-in fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderator.az-a açıqlamasında ölkədə aparılan islahatların həyata keçirilməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.

O bildirib ki, bundan öncəki söhbətində Mərkəzi Seçki Komissiyası ilə bağlı qeyd etdikləri neqativ proseslər sanki ölkənin digər dövlət qurumlarına da sirayət edib.

Etibar Məmmədovun sözlərinə görə, ölkə rəhbərliyi tərəfindən müxtəlif istiqamətlər üzrə islahatlar elan edilir və həyata keçirilməsi nəzərdə tutulur. Lakin onun fikrincə, bir çox hallarda həmin islahatların qarşısını elə məmurların özləri alırlar.

“İnsanlara ölkə iqtisadiyyatının gücləndirilməsi, sosial vəziyyətin yaxşılaşdırılması ilə bağlı islahatların həyata keçiriləcəyi elan olunur. Ancaq faktiki olaraq göz qabağında olan odur ki, məmurlar bunları sabotaj etməklə məşğuldurlar, islahatların qarşısını alırlar”, – deyə AMİP lideri bildirib.

O, bu vəziyyəti vaxtilə mövcud olmuş “kölgə iqtisadiyyatı” anlayışı ilə müqayisə edib:

“Vaxtilə, sovet dövründə “kölgə iqtisadiyyatı” deyilən bir anlayış var idi. Yəni rəsmi iqtisadiyyatdan başqa, gəlir və iqtisadi fəaliyyətlərin vergidən və dövlət uçotundan gizlədildiyi qeyri-rəsmi iqtisadiyyat da mövcud idi. Azərbaycan müstəqil olduqdan sonra da beynəlxalq qurumlar tərəfindən ölkəyə qarşı irəli sürülən əsas iradlardan biri “kölgə iqtisadiyyatı”nın mövcudluğu ilə bağlı idi.  Və bu, əsasən məmurların əlində cəmləşmişdi və onlar dövlətin iqtisadi inkişafına böyük maneələr yaradırdılar. Vergilərin yığılması, dövlət büdcəsinin və xəzinənin doldurulması bir kənarda qalırdı, əldə olunan vəsaitlər öz ciblərinə işləyirdi…”.

Bunları diqqətə çatdıran istiqlalçı deputat hesab edir ki, son dövrlərdə “kölgə iqtisadiyyatı” ilə yanaşı, “kölgə siyasəti” də formalaşıb.

“Bu “kölgə siyasəti”nin nəticəsində rəsmi elan olunan dövlət siyasəti sanki sabotaj olunur, elan olunan islahatların həyata keçirilməsinə maneçilik törədilir. Onların kimliyi də məlum olmur. Yerlərdə rəhbər məmurlara bu barədə sual verəndə hamısı barmaqları ilə yuxarını göstərir və bildirirlər ki, guya oradan gələn göstəriş əsasında filan qərarlar qəbul olunur”, – deyə o vurğulayıb.

Siyasətçi Mərkəzi Seçki Komissiyasının və onun yerlərdəki dairələrinin formalaşdırılması ilə bağlı da oxşar iddiaların səsləndiyini təkrar diqqətə çatdırıb:

“O cümlədən, öncə dediyim kimi, Mərkəzi Seçki Komissiyasının özünün də, onun yerlərdəki dairələrinin də formalaşdırılmasını həmin “kölgə siyasəti” ilə izah edirlər. Guya hardansa belə bir göstəriş var. Həmin göstərişin nə qanuniliyi var, nə də mövcudluğu haqqında hər hansı məlumat var. Bu, olduqca təhlükəli bir vəziyyətdir. Çünki dövlət başçısı tərəfindən elan olunan islahatlar, məqsədli işlər var. Ancaq fakt budur ki, onların həyata keçirilməsi sabotaj təhlükəsi altındadır”.

Etibar Məmmədov belə vəziyyətin dövlət siyasətinin həyata keçirilməsinə və elan olunan islahatların nəticə verməsinə ciddi maneə yarada biləcəyini vurğulayıb.