AMİP-30

“Qələbənin real nəticələri bu gün Qarabağda özünü göstərir” – Arzuxan Əlizadə

“27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsinin ehtiramla yad edildiyi müqəddəs tarixdir. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün bərpasına gedən yolun əsas mərhələlərindən biri olmaqla yanaşı, xalqımızın milli iradəsini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi”.

Bu fikirləri Milli Məclisin deputatı Arzuxan Əlizadə Anım Günü münasibətilə Patrul.az saytına verdiyi xüsusi açıqlamada vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, bu tarixi gün sadəcə təqvimdə qeyd olunan bir tarix deyil, həm də şəhidlərin bizə əmanət etdiyi torpaqlara sahib çıxmağın rəmzidir:

“Bu möhtəşəm Zəfərin arxasında minlərlə şəhidimizin qanı və misilsiz qəhrəmanlığı dayanır. Canını fəda edən hər bir oğlumuz Azərbaycanın şərəf tarixini öz qanı ilə yazıb. Ona görə də Anım Günü yalnız keçmişi xatırlamaq deyil, həm də bizə əmanət olunan Vətəni qorumaq, dövlətçiliyimizi daha da möhkəmləndirmək və şəhidlərimizin müqəddəs ruhuna layiq gələcək qurmaq məsuliyyətini dərk etmək günüdür”.

A. Əlizadə qeyd edib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən sürətli inkişaf və genişmiqyaslı bərpa-quruculuq işləri qazanılan Qələbənin əyani nəticələridir:

“Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı Böyük Zəfərin davam edən real nəticələridir. Biz şəhidlərimizin xatirəsini daim uca tutmalı, onların canı bahasına əldə edilən bu Qələbənin tarixi əhəmiyyətini gələcək nəsillərə aşılamalıyıq. 27 Sentyabr – Anım Günündə bütün şəhidlərimizin qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirik”.