AMİP-30

Rəşad Bayramov: “Mina xəritələrinin müharibə cinayətkarlarının taleyi ilə əlaqələndirilməsi barədə yanaşma xüsusilə həssasdır”

Ermənistanla Azərbaycan münasibətlərində bir neçə min itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsi məsələsi hələ də həllini gözləyir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda, BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında bildirib.

O, bu məsələ üzrə Azərbaycanla əməkdaşlığa dair razılıq əldə olunduğunu deyib. “Ermənistan mina təmizlənməsi məsələsində Azərbaycanla əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırdır. Təbii ki, Ermənistan cəmiyyəti münaqişə nəticəsində Azərbaycanda saxlanılan ermənilərin geri qayıtmasını gözləyir”, – o vurğulayıb.

Burada diqqəti çəkən məqam odur ki, Paşinyan mina xəritələrini Bakıda həbsdə olan separatçı cinayətkarlarla dəyişdirmək istəyir. Əvvəl Ermənistan bəyan edirdi ki, bizdə mina xəritəsi yoxdur, hamısını vermişik. Ancaq indi rəsmən məlum olur ki, bu, belə deyil.

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, Paşinyanın BMT Baş Assambleyasının 81-ci sessiyasında Azərbaycanla münasibətlərdə itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi, mina təmizlənməsi və Azərbaycanda saxlanılan ermənilərin geri qaytarılması məsələlərini eyni çıxışda gündəmə gətirməsi bir daha onu sübut edir ki, Bakı ilə İrəvan arasında müharibədən miras qalan humanitar məsələlər hələ də tam həll olunmayıb: “Paşinyan itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi üzrə Azərbaycanla əməkdaşlıq barədə razılaşmanın əldə olunduğunu və mina təmizlənməsi sahəsində əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bildirir. Lakin burada əsas məsələ humanitar problemlərin siyasi alver predmetinə çevrilməməsidir. Azərbaycan üçün itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi adi diplomatik gündəm maddəsi deyil. Dövlət Komissiyasının son məlumatına görə, 31 avqust 2026-cı il tarixinə Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar 4 010 Azərbaycan vətəndaşı itkin hesab olunur. Onların 4 004-ü Birinci Qarabağ müharibəsi dövründə itkin düşüb. Bu insanların ailələri onilliklərdir yaxınlarının taleyi barədə cavab gözləyir. Bu baxımdan Ermənistanın əlində olan istənilən məlumat, yəni kütləvi məzarlıqların yerləri, dəfn yerləri, itkin şəxslərin taleyinə dair arxiv məlumatları və mina sahələrinin dəqiq koordinatları ilk növbədə humanitar məsuliyyətin yerinə yetirilməsi vasitəsi olmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi də məhz Ermənistanın mövcud məlumatları tam açıqlamasının itkinlərin taleyinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb”.

R. Bayramovun fikrincə, mina xəritələri məsələsində də oxşar problem mövcuddur: “Belə ki, Ermənistan 2021-ci ildə 900-dən artıq mina xəritəsi təqdim etsə də, həmin xəritələr tam əraziləri əhatə etməyib. Aparılan texniki təhlillərə görə onların dəqiqliyi və etibarlılığı ciddi problemlərlə müşayiət olunub. Deməli, məsələ yalnız xəritə verilib-verilməməsi deyil, təqdim edilən məlumatın real mina sahələrinə uyğunluğu və təhlükəsizliyi məsələsidir. Bu fonda mina xəritələrinin Azərbaycanda saxlanılan müharibə cinayətkarlarının taleyi ilə əlaqələndirilməsi barədə yanaşma xüsusilə həssasdır. İtkin düşmüş insanların taleyi və minaların xəritəsi müharibə cinayətkarları ilə eyni “mübadilə paketi”nə salındıqda artıq humanitar məsələnin mahiyyəti dəyişir. Halbuki itkin şəxslər, mina xəritələri barədə məlumatın verilməsi beynəlxalq humanitar məntiq baxımından şərtli güzəşt deyil, yerinə yetirilməli humanitar öhdəlik kimi nəzərdən keçirilməlidir. Azərbaycanda saxlanılan cinayətkarlarla bağlı məsələyə gəldikdə isə hər bir konkret şəxsin statusu hüquqi proseslər və məhkəmə qərarları əsasında qiymətləndirilir. Bu məsələlərin itkinlərin taleyi və mina xəritələri ilə birbaşa “alver predmetinə” çevrilməsi davamlı sülh üçün sağlam mexanizm yaratmır və Ermənistan baş naziri də bunları dərk etməlidir. Ən əsası isə, 4 minə yaxın insanın taleyi siyasi bazarlıq mövzusu deyil. Onların harada olduğu, necə və hansı şəraitdə həlak olduqları və qalıqlarının harada dəfn edildiyi barədə məlumat ailələrə çatdırılmalıdır. Bu məsələnin həlli sülh prosesinin texniki əlavəsi yox, onun humanitar mahiyyətinin ən mühüm göstəricilərindən biridir”.