AMİP-30

“Bakı-Aşqabad münasibətləri geniş regional əməkdaşlıq kontekstində inkişaf edir” – Deputat 

“Azərbaycan Prezidentinin Türkmənistana işgüzar səfəri və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin inkişafı baxımından əhəmiyyətli hadisədir”.

Bunu 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

O bildirib ki, bu səfər Azərbaycan-Türkmənistan münasibətlərinin yalnız ikitərəfli əlaqələr müstəvisində deyil, daha geniş regional əməkdaşlıq kontekstində inkişaf etdiyini göstərir. 

“Azərbaycan və Türkmənistan Xəzərin iki sahilində yerləşən, ortaq tarixi, mədəni və milli dəyərləri bölüşən qardaş dövlətlərdir.
Azərbaycan-Türkmənistan əməkdaşlığında nəqliyyat, logistika, enerji, ticarət və Xəzər üzərindən əlaqələrin genişləndirilməsi xüsusi perspektivlərə malikdir. Xüsusilə Orta Dəhlizin inkişafı fonunda Bakı ilə Türkmənbaşı limanları arasında əlaqələrin daha da gücləndirilməsi Mərkəzi Asiya ilə Avropa arasında yükdaşımaların genişləndirilməsinə töhfə verə bilər. Eyni zamanda, bu il iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətlərinə dair sazişin təsdiqlənməsi münasibətlərin iqtisadi məzmununun genişləndirilməsi baxımından mühüm addımdır.Hesab edirəm ki, bugünkü görüşlər Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin sistemli şəkildə inkişaf etdirilməsi baxımından da əhəmiyyətlidir”, – deputat vurğulayıb. 

O əlavə edib ki, Azərbaycan artıq region ölkələri ilə əməkdaşlıqda təkcə ikitərəfli münasibətləri deyil, həm də nəqliyyat, enerji, ticarət və digər sahələr üzrə çoxtərəfli platformaları ön plana çıxarır: “Türkmənistanla münasibətlərin daha da dərinləşdirilməsi həm iki ölkənin iqtisadi maraqlarına, həm də Xəzər regionunda qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edə bilər”.