Deputat: “Azərbaycanla Türkiyənin hüquqi əməkdaşlıq mexanizmləri axtarışda olanlarla bağlı məsələnin həlli üçün əsas yaradır”
“Xaricdə yaşayan və Azərbaycan əleyhinə fəaliyyət göstərən, ölkəmizdə barələrində hüquqi qərarlar qəbul edilmiş şəxslərlə bağlı məsələlər qanunvericiliyin tələblərinə uyğun şəkildə həll olunmalıdır. Həmin şəxslərin beynəlxalq axtarışa verilməsi və barələrində müvafiq hüquqi prosedurların həyata keçirilməsi bu prosesin hüquqi əsaslarını təşkil edir. Onların Azərbaycana gətirilməsi və məhkəmə qarşısında cavab verməsi hüquqi prosedurlardan asılı olan məsələdir. Bu baxımdan, sözügedən şəxslərin gələcək taleyini siyasi bəyanatlarla deyil, hüququn və beynəlxalq əməkdaşlığın imkanları çərçivəsində qiymətləndirmək lazımdır. Türkiyə Azərbaycanın qardaş və strateji müttəfiqidir. Azərbaycanla Türkiyə arasında mövcud olan sıx münasibətlər, eləcə də hüquqi əməkdaşlıq mexanizmləri bu kimi məsələlərin qanun çərçivəsində müzakirəsi və həlli üçün əsas yaradır. Bununla belə, hər hansı şəxsin ekstradisiyası məsələsi müvafiq beynəlxalq müqavilələr, milli qanunvericilik və səlahiyyətli orqanların qərarları əsasında həll edilir. Ona görə də konkret şəxslərlə bağlı prosesin hansı müddətdə yekunlaşacağını indidən söyləmək düzgün olmazdı. Əsas məsələ hüquqi prosedurların ardıcıl şəkildə davam etdirilməsi və qarşılıqlı hüquqi əməkdaşlığın təmin olunmasıdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.
Deputat təəssüflə bildirib ki, xaricdəki bəzi şəxslər söyüş və təhqiri siyasi mübarizə vasitəsinə çevirərək Azərbaycan dövlətinə və onun institutlarına qarşı qarayaxma kampaniyası aparırlar: “Hətta ölkəmizin öz vətəndaşlarını hüquqi məsuliyyətə cəlb etmək imkanlarını şübhə altına almağa çalışırlar. Ancaq heç kim düşünməməlidir ki, xaricdə yaşamaq qanun qarşısında məsuliyyətdən yayınmaq üçün təminatdır. Bu gün Azərbaycana qarşı ideoloji mübarizə aparılır və biz bu prosesdə son dərəcə ayıq-sayıq olmalıyıq. Dövlətimizin maraqlarını qorumalı, informasiya təxribatlarına qarşı diqqətli davranmalı və hər bir məsələnin hüquqi müstəvidə həllinə üstünlük verməliyik. Əminəm ki, bu məsələlər də qanunun tələblərinə uyğun şəkildə öz həllini tapacaq”.