“Onlar mifik Ermənistan xülyası ilə silahlanaraq bu cinayətləri törədiblər” – Arzuxan Əlizadə
“Erməni millətçiləri uzun illər boyu dənizdən-dənizə böyük Ermənistan xülyası ilə silahlanaraq azərbaycanlılara qarşı soyqırımlar həyata keçiriblər. 1905–1918-ci illərdə daha kütləvi və geniş coğrafiyanı əhatə edən qırğınlar faktiki olaraq azərbaycanlıların etnik təmizlənməsi prosesi ilə davam edib. Xüsusilə 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr daha faciəvi xarakter alıb. Həmin dövrdə Bakı Kommunasının bilavasitə mandatını alan daşnaklar bir neçə ay ərzində Bakı quberniyasında, Şamaxıda, Qubada, eləcə də Zəngəzur, Xaçmaz və Lənkəranda genişmiqyaslı qətliamlar törədiblər. Qısa müddət ərzində 30 mindən çox azərbaycanlı qətlə yetirilib, minlərlə insan isə öz dədə-baba yurdlarından didərgin salınıb”.
Bunu Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı törədilən qətliamları xatırladarkən deyib.
Millət vəkili bildirib ki, bu faciədən sonra aparılan tədqiqatlar qırğınların nə qədər dəhşətli və genişmiqyaslı olduğunu ortaya qoyub:
“1918-ci ilin mart-aprel hadisələri təkcə dinc əhaliyə qarşı həyata keçirilən soyqırım kimi yadda qalmayıb, eyni zamanda insanların qətlə yetirilməsi ilə yanaşı, dini və tarixi abidələrimiz yerlə-yeksan edilib, kəndlər tamamilə dağıdılıb, qəbiristanlıqlara zərər vurulub. Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan və digər bölgələrdə dinc əhaliyə qarşı kütləvi qırğınlar törədilib, etnik təmizləmə siyasəti həyata keçirilib. Həmin dövrdə Bakı Sovetinin 6 min silahlı əsgəri, eləcə də “Daşnaksütyun” partiyasının 4 minlik qüvvəsi bu qətliamların törədilməsində birbaşa iştirak edib.
Bu hadisələrin üzərindən uzun illər keçdikdən sonra aparılan araşdırmalar faciənin miqyasını daha aydın şəkildə üzə çıxarıb. Sovet dövründə azərbaycanlılara qarşı törədilən bu soyqırımlar faktiki olaraq araşdırılmayıb, yalnız şahidlərin xatirələri nəsildən-nəslə ötürülüb.
Nəhayət, 1998-ci ildə həmin vaxt Prezident olan Heydər Əliyevin sərəncamı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi elan edilib. Həmin vaxtdan etibarən bu faciənin qurbanları hər il anılır. Eyni zamanda sərəncamla 1918-ci il hadisələri və digər dövrlərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar, dini, tarixi və mədəni abidələrin məhv edilməsi ilə bağlı faktların araşdırılması qərara alınıb. Bu istiqamətdə tədqiqatlar aparılıb və hazırda da davam etdirilir.
Araşdırmalar nəticəsində faciənin çox böyük miqyasda olduğu müəyyən edilib. 2006-cı ildə Qubada stadionun təmiri zamanı aparılan qazıntı işləri nəticəsində 500-dən çox insanın kütləvi məzarlıqda dəfn olunduğu aşkar edilib. Daha sonra Prezident İlham Əliyevin sərəncamı ilə həmin ərazidə memorial kompleks inşa olunub. Bütün bu faktlar Qubada törədilmiş qətliamların miqyası barədə dolğun təsəvvür yaradır”.
A. Əlizadə əlavə edib ki, ermənilərin bu qırğınları törətməsinin arxasında mifik ideologiya dayanırdı:
“Ermənilər uzun illər ərzində azərbaycanlılara qarşı bəşəri cinayətlər törədiblər. Erməni faşizminin miqyası təsəvvür edilməz dərəcədə genişdir. Onlar bunu zaman-zaman özləri də etiraf ediblər. 1989-cu ilin martında, hazırda Ermənistan adlanan Qərbi Azərbaycan ərazilərindən son azərbaycanlının da qovulmasından sonra Qafanda faşist Njdeyə abidə ucaldılıb. Həmin dövrdə bölgənin partiya komitəsinin birinci katibi ermənilərə müraciət edərək bildirmişdi ki, “babalarımız çox çalışsalar da, istəklərinə tam nail ola bilmədilər, lakin onların nəvələri bu ideyanı reallaşdırdılar və bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb”.
Bu, onu göstərir ki, bütün bu proseslər məqsədyönlü şəkildə həyata keçirilib. Onlar mifik Ermənistan xülyası ilə silahlanaraq bu cinayətləri törədiblər. Biz xalqımıza qarşı həyata keçirilmiş soyqırımları dünya ictimaiyyətinə çatdırmalı, erməni faşizminin mahiyyətini ifşa etməliyik. Xaricdə yaşayan azərbaycanlılar və diaspor təşkilatları da bu istiqamətdə fəal olmalıdır. Bu hadisələr nəsildən-nəslə ötürülməli, unudulmamalıdır. Əks halda, belə faciələrin təkrarlanma riski arta bilər. Tarixdə baş vermiş bu kimi hadisələr, o cümlədən deportasiyalar və qırğınlar bizə dərs olmalı və yaddaşımızda daim yaşamalıdır. Eyni zamanda ermənilərin illərdir qurduğu yalan mexanizminin ifşa olunması istiqamətində fəaliyyətimizi gücləndirməliyik”.