AMİP-30

“Müharibənin uzanması İranı ağır vəziyyətə sürükləyir” – DEPUTAT

“Bu gün ABŞ də müəyyən problemlərlə üzləşir. Amma ən ağır vəziyyətdə olan tərəf İran hesab olunur. Çünki müharibənin uzanması və gərginliyin davam etməsi İrana daha çox zərər verir”.

Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib:

“İran daxilində iqtisadi problemlər getdikcə dərinləşir. Sanksiyalar və blokada nəticəsində İranın neft satış imkanları ciddi şəkildə məhdudlaşıb. Bu vəziyyət davam etdikcə ölkənin problemləri daha da artır.

Müharibə heç vaxt tərəflərin maraqlarına tam xidmət etmir. Amma ABŞ öz strateji maraqlarını təmin etmək üçün bu təzyiq siyasətini davam etdirə bilər. Mövcud passiv vəziyyət isə daha çox İranın ziyanına işləyir. Ölkədə narazılıq artır, milli valyuta dəyər itirir, işsizlik dərinləşir.

Digər tərəfdən, İran onsuz da uzun müddətdir sanksiyalar və iqtisadi çətinliklər içində idi. İndi isə bu problemlər daha da ağırlaşır.

Müharibə dövründə bir sıra obyektlər vuruldu. Təkcə hərbi obyektlər deyil, mülki obyektlər də zərər gördü. Bir çox iş yerləri sıradan çıxdı. Bütün bunların fonunda İran rejiminin gələcəkdə çox ciddi problemlərlə üzləşməsi ehtimalı artır.

Müharibə olacaqsa, nə vaxtsa bitəcək. Ancaq əsas məsələ müharibədən sonrakı dövrdür. İranın mövcud rejiminin yaranmış problemlərdən və ağır iqtisadi vəziyyətdən çıxıb-çıxa bilməyəcəyi çox böyük sual olaraq qalır”.