Rəşad Bayramov: “Ursulanın bu dəyişiklikləri həyata keçirə bilməsi təkcə onun şəxsi siyasi iradəsindən asılı deyil”
Məlum olduğu kimi, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycana səfər gəlib. Fon der Lyayen iyulun 2-də Ermənistana da səfər edəcək.
Avropa İttifaqı tərəfindən əvvəldən yayılan məlumata görə, səfər zamanı Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanma prosesi, eləcə də hər iki ölkənin Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı dəhlizinə çevrilməsi perspektivləri müzakirə olunacaq. Bu kontekstdə Avropa İttifaqının regionun nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar da gündəmdə olacaq.
Bütün bu deyilənlərin fonunda, Avropa qurumlarının Azərbaycanla bağlı siyasətində konkret hansı dəyişikliyə ehtiyac var və Ursula bunu bacaracaqmı?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov Avroittifaqdan gözləntilərlə bağlı bir sıra məqamlara toxundu: “Ursula Fon der Lyayenin Azərbaycana və ardınca Ermənistana planlaşdırılan səfəri ilk növbədə Avropa İttifaqının regiona münasibətinin gələcək istiqamətlərini müəyyənləşdirmək məqsədi daşıyır. Azərbaycan və Ermənistan arasında sülh prosesinin, regional kommunikasiyaların açılmasının və Avropa ilə Mərkəzi Asiya arasında alternativ nəqliyyat marşrutlarının inkişafının müzakirə mövzusu olması Aİ-nin regiona marağının təhlükəsizlik gündəliyindən daha çox iqtisadi və strateji əməkdaşlıq müstəvisinə keçdiyini göstərir. Bununla belə, Avropa İttifaqının Azərbaycan siyasətində müəyyən korrektələrə ehtiyac olduğu da bir həqiqətdir və bu uzun müddətdir ki, müzakirə olunur. Məlumdur ki, son illərdə Aİ institutlarının müxtəlif strukturları tərəfindən Azərbaycana münasibətdə fərqli yanaşmalar nümayiş etdirilib. Bir tərəfdən Avropa Komissiyası enerji təhlükəsizliyi, “yaşıl enerji” və nəqliyyat bağlantıları sahəsində Bakı ilə strateji tərəfdaşlığı inkişaf etdirməyə çalışıb. Digər tərəfdən isə bəzi Avropa institutları və siyasi dairələr daha çox siyasi və hüquqi məsələlər üzərində dayanaraq münasibətlərdə gərginlik yaradan bəyanatlar səsləndiriblər. Bu ziddiyyətli yanaşma tərəflər arasında etimadın tam formalaşmasına mane olan əsas amillərdən biridir”.
R. Bayramovun fikrincə, hazırkı mərhələdə Avropa İttifaqının Azərbaycana münasibətdə daha balanslı, praqmatik və vahid siyasət yürütməsi olduqca zəruridir: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Xüsusilə qaz təchizatının şaxələndirilməsi və bərpaolunan enerji layihələrinin inkişafı baxımından etibarlı tərəfdaş kimi çıxış edir. Bununla yanaşı, ölkənin Orta Dəhliz üzərində yerləşməsi Avropa ilə Mərkəzi Asiya arasında yükdaşımaların genişləndirilməsi üçün strateji imkan yaradır. Bu reallıq Aİ-ni regionda daha konstruktiv və uzunmüddətli əməkdaşlıq modeli formalaşdırmağa sövq etməlidir. Eyni zamanda, sülh prosesinə münasibətdə də Avropa İttifaqının əsas prioriteti vasitəçilik yox, əldə olunmuş razılaşmaların həyata keçirilməsinə dəstək vermək olmalıdır. Hər iki tərəfə bərabər məsafədən yanaşılması, regional təşəbbüslərə siyasi rəqabət prizmasından deyil, iqtisadi inteqrasiya baxımından yanaşılması daha səmərəli nəticələr verə bilər.
Ursula Fon der Lyayenin bu dəyişiklikləri həyata keçirə bilməsi isə təkcə onun şəxsi siyasi iradəsindən asılı deyil. Bilirik ki, Avropa İttifaqı çoxmərkəzli qərar qəbuletmə sisteminə malikdir və Komissiya, Avropa Parlamenti, Avropa Şurası, eləcə də üzv dövlətlərin maraqları hər zaman tam üst-üstə düşmür. Buna görə də Avropa Komissiya Prezidentinin balanslı mesajlar verməsi və əməkdaşlıq gündəliyini ön plana çıxarması mümkün olsa da, Aİ-nin bütövlükdə Azərbaycana münasibətində fundamental dəyişiklik üçün bütün institutlar arasında daha koordinasiyalı yanaşmaya ehtiyac qalır. Ümumiikdə götürsək Fon der Lyayenin səfəri münasibətlərdə yeni səhifənin açılması baxımından əhəmiyyətli imkan yaradır deyə bilərik. Əgər Avropa İttifaqı Cənubi Qafqaza ideoloji rəqabət meydanı kimi deyil, qarşılıqlı faydaya əsaslanan strateji tərəfdaşlıq məkanı kimi yanaşarsa, həm sülh prosesinə, həm regional iqtisadi əməkdaşlığa, həm də Avropanın enerji və nəqliyyat təhlükəsizliyinə mühüm töhfə verə bilər. Bu baxımdan qarşıdakı səfərin əsas göstəricisi veriləcək bəyanatların sonrakı mərhələdə konkret siyasət və praktiki əməkdaşlıq addımları ilə müşayiət olunub-olunmayacağı olacaq”.