Yeni reallıq: Brüssel artıq Bakısız heç nəyi planlaşdıra bilmir
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Cənubi Qafqaza səfəri və bu səfərin əsas dayanacaqlarından birinin məhz Bakı olması təkcə diplomatik təmas deyil, bütövlükdə Avropa Birliyinin Cənubi Qafqaz siyasətində baş verən ciddi geosiyasi korrektələrin göstəricisidir. Bu səfər göstərdi ki, Brüssel artıq regiona köhnə siyasi yanaşmalar, şərti balans axtarışları və kənardan diktə olunan modellərlə baxmır. Avropa Birliyi anlayır ki, Cənubi Qafqazda yaranmış yeni siyasi, təhlükəsizlik və iqtisadi reallığın müəllifi Azərbaycandır və bu reallıqla hesablaşmadan bölgədə nə dayanıqlı sülh qurmaq, nə təhlükəsizlik sistemi formalaşdırmaq, nə də inteqrasiya olunmuş əməkdaşlıq məkanı yaratmaq mümkündür.
Məhz buna görə Ursula fon der Lyayenin Bakı səfəri sadəcə ikitərəfli münasibətlərin növbəti epizodu deyil. Bu, Brüsselin Bakının yaratdığı yeni reallığı qəbul etməsinin, öz siyasətini həmin reallığa uyğunlaşdırmağa başlamasının və Azərbaycanla münasibətləri yeni mərhələyə daşımaq niyyətinin siyasi bəyanatıdır.
Cənubi Qafqazın yeni reallığı: Brüssel artıq Bakısız heç nəyi planlaşdıra bilmir
Son illər Cənubi Qafqazda baş verən proseslər bölgənin geosiyasi xəritəsini tamamilə dəyişib. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, postmünaqişə mərhələsində sülh gündəmini irəli sürməsi, regional kommunikasiya və əməkdaşlıq platformalarını təşviq etməsi, enerji və nəqliyyat layihələri ilə daha geniş Avrasiya məkanında öz rolunu gücləndirməsi yeni vəziyyət yaradıb. Bu yeni vəziyyətin əsas xüsusiyyəti ondan ibarətdir ki, Cənubi Qafqazın gələcəyi artıq kənardan deyil, regionun içindən, daha dəqiq desək, Bakının müəyyənləşdirdiyi geosiyasi konturlar üzərindən formalaşır.
Brüssel də məhz bunu anlayır. Avropa Birliyi görür ki, Bakısız bölgədə nə dayanıqlı sülh mümkündür, nə təhlükəsizlik arxitekturası qurmaq olar, nə də inteqrasiya olunmuş iqtisadi əməkdaşlıq formatı yaratmaq mümkündür. Çünki bu gün Cənubi Qafqazda sabitliyin əsas təminatçısı da, enerji və nəqliyyat marşrutlarının əsas sahibi də, regional əməkdaşlıq təşəbbüslərinin başlıca müəllifi də Azərbaycandır.
Prezident İlham Əliyevin Bakıdakı bəyanatında “Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsində” olunduğunu deməsi, münasibətlərdə “görünməmiş dinamika”nın müşahidə edildiyini vurğulaması təsadüfi deyil. Bu dinamika Brüsselin Bakı ilə əməkdaşlığa daha çox ehtiyac duymasından qaynaqlanır. Çünki Avropa artıq anlayır ki, Cənubi Qafqazda sabitlik və inkişaf Bakının iştirakı olmadan mümkün deyil.
Bakı – Qərblə Şərq arasında açar ölkə
Ursula fon der Lyayenin bəyanatında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın coğrafi-siyasi rolunun açıq şəkildə vurğulanması oldu. Avropa Komissiyasının Prezidenti bildirdi ki, Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən mühüm geosiyasi kəsişmə nöqtəsidir və “Azərbaycan burada əsas rol oynaya bilər”. Əslində bu fikir sadəcə nəzakət jesti deyil, Avropanın yeni strateji baxışının ifadəsidir.
Bu gün Qərblə Şərq arasında təhlükəsiz, dayanıqlı və çoxşaxəli bağlantı xətlərinin qurulması Avropa üçün strateji prioritetə çevrilib. Rusiya-Ukrayna müharibəsi, enerji böhranı, qlobal ticarət zəncirlərində yaşanan sarsıntılar, Mərkəzi Asiya ilə əlaqələrin dərinləşdirilməsi zərurəti Avropanı alternativ marşrutlara daha çox diqqət yetirməyə vadar edir. Bu alternativlərin mərkəzində isə Azərbaycan dayanır. Şərq-Qərb Orta Dəhlizinin əsas halqası, Xəzər hövzəsi ilə Avropa arasında körpü, nəqliyyat, logistika, enerji və rəqəmsal bağlantı xəttinin qovşağı məhz Azərbaycandır.
Məhz buna görə Brüssel Azərbaycanla əlaqələri təkcə enerji əməkdaşlığı çərçivəsində deyil, daha geniş geoiqtisadi və geosiyasi kontekstdə dərinləşdirməyə çalışır. Bu gün Avropa üçün Bakı sadəcə tərəfdaş paytaxt deyil; o, Avropa ilə Mərkəzi Asiya arasında uzanan yeni strateji xəttin açar nöqtəsidir.
Brüssel Bakının yaratdığı reallığa uyğun siyasət qurur
Ursula fon der Lyayenin Bakıdakı çıxışı Avropa Birliyinin region siyasətində məhz bu korrektənin artıq başladığını göstərdi. O, açıq şəkildə “Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığı”nın başlanmasını təklif etdi və bunu nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə edən Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə əlaqələndirdi. Bu, sadəcə yeni əməkdaşlıq platforması deyil. Bu, Brüsselin Azərbaycanı artıq Cənubi Qafqazın əsas geosiyasi və geoiqtisadi dayağı kimi qəbul etməsinin institusional ifadəsidir.
Avropa Komissiyasının Prezidenti “Qlobal Qapılar” Sərmayə Proqramı vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant yatırılacağını, bunun isə 2 milyard avroya qədər dövlət və özəl sərmayə cəlb etmək potensialı daşıdığını bəyan etdi. Daha diqqətçəkən məqam odur ki, layihələr sırasında Naxçıvandan keçən dəmir yolu bağlantısı və Bakı limanının inkişaf etdirilməsi xüsusi qeyd olundu.
Bu yanaşma bir daha təsdiqləyir ki, Brüssel artıq bölgədə siyasi mövqeyini Bakının yaratdığı yeni reallığa uyğunlaşdırır. Çünki Avropa anlayır: əgər Cənubi Qafqaz Avropa ilə Xəzər hövzəsi, Mərkəzi Asiya və daha geniş Avrasiya arasında strateji bağlantı məkanına çevriləcəksə, bu prosesin mərkəzində məhz Azərbaycan dayanacaq. Naxçıvan bağlantısı, Bakı limanının genişlənməsi, Orta Dəhlizin gücləndirilməsi, rəqəmsal keçidlərin inkişafı – bunların hamısı Azərbaycanın regional deyil, qlobal təchizat, enerji və tranzit xəritəsində artan rolunu təsdiqləyir.
Enerji təhlükəsizliyindən “yaşıl enerji” tərəfdaşlığına
Brüssel-Bakı münasibətlərinin yeni mərhələsinin əsas dayaqlarından biri də enerji sahəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa İttifaqı ilə enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumu imzalandıqdan sonra Azərbaycanın Aİ ölkələrinə qaz ixracı təxminən 65 faiz artıb. Bu gün Azərbaycanın qaz ixracının yarısı Avropa İttifaqı üzvü olan dövlətlərə yönəlir və artıq 10 Aİ ölkəsi Azərbaycan qazını alır.
Bu faktlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu açıq şəkildə göstərir. Ursula fon der Lyayenin “Biz Rusiyanın enerjini silah kimi istifadə etdiyi və qazı kəsdiyi zaman Azərbaycanın irəliyə çıxdığını unutmamışıq” fikri isə Avropanın Bakıya verdiyi siyasi qiymətin ifadəsidir. Yəni Brüssel artıq etiraf edir ki, böhranlı dövrdə Avropa üçün etibarlı enerji tərəfdaşı məhz Azərbaycan olub.
Lakin münasibətlərin yeni mərhələsi təkcə qazla məhdudlaşmır. Fon der Lyayen Azərbaycanın Xəzərdə külək enerjisi istehsalı planlarını, təmiz elektrik enerjisi qovşağına çevrilmək potensialını, “Yaşıl Enerji Dəhlizi” təşəbbüsünü və bərpaolunan enerji sahəsində əməkdaşlıq perspektivlərini xüsusi vurğuladı. Onun Azərbaycanın “gələcəyin enerjisinə sərmayə yatırdığını” bildirməsi, “Yaşıl Enerji Dəhlizi” planlarını alqışlaması və elektrik enerjisinin qarşılıqlı nəqli, regional enerji şəbəkələri sahəsində əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını bəyan etməsi, əslində, Brüssel-Bakı münasibətlərinin enerji təhlükəsizliyi mərhələsindən enerji transformasiyası mərhələsinə keçdiyini göstərir.
Bu, Azərbaycanın beynəlxalq mövqeyi baxımından da mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycan artıq təkcə neft-qaz ixracatçısı deyil, eyni zamanda yaşıl enerji, elektrik ötürülməsi, regional enerji inteqrasiyası və enerji diplomatiyası sahəsində yeni gündəm yaradan ölkə kimi çıxış edir.
Sülh, təhlükəsizlik və əməkdaşlıq: Brüssel Bakının regional missiyasını qəbul edir
Ursula fon der Lyayenin səfərində diqqət çəkən digər mühüm xətt sülh və təhlükəsizlik gündəliyi idi. Avropa Komissiyasının Prezidenti “bağlantı vasitəsilə sülhü gücləndirmək” istədiklərini, bu məqsədlə 20 milyon avroluq sülhün inkişafı proqramı ayırdıqlarını bəyan etdi. Bu proqramın minatəmizləmə, sərhəd bölgələrinin inkişafı, kənd təsərrüfatı, su təchizatı, səhiyyə və kiçik sahibkarlıq kimi sahələri əhatə etməsi onu göstərir ki, Brüssel sülhü artıq yalnız siyasi sənəd kimi deyil, sosial-iqtisadi reallıq kimi görməyə başlayıb.
Bu da bir daha təsdiqləyir ki, Avropa Birliyi Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu qəbul edir. Çünki bu gün regionda sülh təşəbbüslərinin əsas müəllifi, kommunikasiya xətlərinin açılmasının başlıca tərəfdarı, əməkdaşlıq gündəmini irəli sürən əsas güc məhz Azərbaycandır. Brüssel də öz proqramlarını və siyasi xəttini artıq bu reallığa uyğun qurmağa başlayıb.
Yeni mərhələ Bakının beynəlxalq mövqeyini daha da gücləndirir
Ursula fon der Lyayenin Bakı səfərinin ən mühüm nəticələrindən biri odur ki, bu səfər Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini daha da gücləndirir. Çünki Avropa Birliyi ilə münasibətlərin yeni mərhələyə daxil olması Azərbaycanın regional aktordan daha artıq – daha geniş Avrasiya məkanında təsir imkanlarına malik orta güc kimi rolunu möhkəmləndirir.
Bu gün Azərbaycan həm enerji təhlükəsizliyində, həm Orta Dəhlizin inkişafında, həm Avropa ilə Mərkəzi Asiya arasında bağlantıların qurulmasında, həm də Cənubi Qafqazda sülh və təhlükəsizlik gündəliyinin formalaşdırılmasında əsas aktorlardan biridir. Brüsselin Bakı ilə münasibətləri yeni mərhələyə keçirməsi, yeni investisiya və tərəfdaşlıq formatları təklif etməsi, Azərbaycanın regional və beynəlxalq çəkisinin daha da artdığını göstərir.
Başqa sözlə, Brüssel Bakının yaratdığı reallıqla sadəcə hesablaşmır; eyni zamanda həmin reallığın bir hissəsinə çevrilməyə, öz maraqlarını bu reallıq daxilində təmin etməyə çalışır. Bu isə Azərbaycanın siyasi manevr imkanlarını, geoiqtisadi təsir gücünü və beynəlxalq sistemdə orta güc kimi aktor rolunu daha da artırır.
Nəticə
Ursula fon der Lyayenin Cənubi Qafqaza və Bakıya səfəri Avropa Birliyinin region siyasətində yeni mərhələnin başlandığını göstərən mühüm geosiyasi hadisədir. Bu səfər təsdiqlədi ki, Brüssel artıq Cənubi Qafqazda köhnə siyasi yanaşmalarla hərəkət edə bilməz. Avropa Birliyi anlayır ki, Bakısız bölgədə nə dayanıqlı sülh mümkündür, nə təhlükəsizlik arxitekturası qurmaq olar, nə də sıx inteqrasiya olunmuş əməkdaşlıq formatı yaratmaq mümkündür.
Azərbaycan bu gün Qərblə Şərq arasında yeganə etibarlı bağlantı xəttinin açar ölkəsidir. Enerji, nəqliyyat, logistika, rəqəmsal keçid, yaşıl enerji və regional təhlükəsizlik məsələlərində Bakının rolu getdikcə artır. Brüssel də məhz buna görə Bakının yaratdığı reallıqla hesablaşır, siyasətini buna uyğun qurur və Azərbaycanla əməkdaşlığı yeni mərhələyə daşımağa çalışır.
Bu yeni mərhələ isə təkcə Brüssel-Bakı münasibətlərinin dərinləşməsi demək deyil. Bu, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində orta güc kimi mövqeyinin daha da möhkəmlənməsi, geosiyasi aktor rolunun artması və Avrasiya məkanında strateji çəkisinin yüksəlməsi deməkdir. Ursula fon der Lyayenin Bakı səfəri də məhz bu böyük geosiyasi mənzərənin siyasi təsdiqi kimi tarixə düşür.
Arzuxan Əlizadə
Milli Məclisin deputatı