AMİP-30

Deputat: AQEM çərçivəsində yeni iqtisadi əməkdaşlıq imkanları yarana bilər

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısının keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanları və regional əlaqələri baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirdə müxtəlif ölkələrin dövlət və hökumət başçılarının iştirakı Azərbaycanın diplomatik münasibətlərinin inkişafı, iqtisadi tərəfdaşlıqların genişləndirilməsi və yeni investisiya imkanlarının yaranması baxımından diqqət çəkir.

 Bəs bu Zirvə Toplantısı ölkəmizə hansı konkret dividendləri vəd edir?

Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib ki, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısının keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və çoxtərəfli əməkdaşlığa verdiyi önəmin göstəricisidir

“Müxtəlif ölkələrin dövlət və hökumət başçılarının Bakıda bir araya gəlməsi ölkəmizə həm ikitərəfli münasibətləri inkişaf etdirmək, həm də regional və qlobal məsələlər üzrə dialoqu genişləndirmək imkanı yaradır. Azərbaycanın AQEM-ə sədrliyi dövründə təşkilatın institusional imkanlarının gücləndirilməsi istiqamətində görülən işlər də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu Zirvə Toplantısının ölkəmiz üçün əsas dividendlərindən biri siyasi və diplomatik əlaqələrin iqtisadi nəticələrə çevrilməsi imkanlarıdır. Azərbaycan Asiya ölkələri ilə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, sənaye, kənd təsərrüfatı, enerji və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addımlar ata bilər. Burada əsas məsələ keçirilən görüşlərin konkret razılaşmalar, birgə layihələr və uzunmüddətli iqtisadi tərəfdaşlıqlarla nəticələnməsidir. Beləliklə, ölkəmizin qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi və ixrac bazarlarının şaxələndirilməsi üçün əlavə imkanlar yarana bilər”.

O qeyd edib ki, Azərbaycanın strateji maraqları baxımından nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir:

“Ölkəmizin Şərq-Qərb və Orta Dəhliz istiqamətlərində mövcud tranzit imkanları Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. AQEM çərçivəsində aparılan müzakirələr bu marşrutlar üzrə yükdaşımaların artırılması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və yeni logistika tərəfdaşlıqlarının qurulmasına töhfə verə bilər. Bununla yanaşı, enerji təhlükəsizliyi, bərpaolunan enerji və rəqəmsal bağlantılar kimi istiqamətlərdə əməkdaşlıq da ölkəmizin regional əhəmiyyətini artıra bilər. Bu Zirvə Toplantısının əhəmiyyətini yalnız tədbirin miqyası və iştirakçıların yüksək səviyyəsi ilə ölçmək düzgün olmaz. Əsas nəticə Azərbaycanın yaratdığı diplomatik platformadan nə dərəcədə səmərəli istifadə etməsindən asılıdır. Siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin konkret layihələrlə möhkəmləndirilməsi və qarşılıqlı etimadın artırılması ölkəmizin uzunmüddətli maraqlarına xidmət edəcək. Azərbaycan bu imkanlardan məqsədyönlü istifadə etməklə həm beynəlxalq tərəfdaşlıqlarını genişləndirə, həm də regionlararası əməkdaşlıqda mühüm əlaqələndirici mövqeyini gücləndirə bilər”.