Deputat: “Radikal qüvvələr polisin qanuni fəaliyyətini məqsədli şəkildə başqa cür təqdim etməyə çalışırlar”
Məktəblərdə vahid geyim məsələsi ətrafında yaranan mübahisələrdən alət kimi istifadə edən müxtəlif radikal qüvvələr indi də Azərbaycan xalqının ictimai asayişini qoruyan, təhlükəsizliyini təmin edən polislər haqqında qarayaxma kampaniyasına başlayıb. Onların iddiasına görə, guya polislər dinc, günahsız insanları məcbur şəkildə məsuliyyətə cəlb edirlər.
Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən İnsan hüquqları komitəsinin üzvü Arzuxan Əlizadənin sözlərinə görə, Azərbaycan polisi ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin edilməsində və qanun pozuntularının qarşısının alınmasında mühüm rol oynayır.
Deputat bildirib ki, hüquqi dövlətin əsas prinsiplərindən biri qanunun aliliyidir: “Polis əməkdaşları da öz vəzifələrini yerinə yetirərək insanların hüquq və azadlıqlarının, ictimai qaydanın qorunmasına xidmət edirlər. Təəssüf ki, bəzi hallarda ayrı-ayrı radikal qüvvələr polisin qanuni fəaliyyətini məqsədli şəkildə başqa cür təqdim etməyə, cəmiyyətdə hüquq-mühafizə orqanlarına qarşı inamsızlıq yaratmağa çalışırlar. Qanun pozuntularının qarşısının alınmasını və hüquqazidd əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini əsassız şəkildə qanunsuzluq kimi qələmə vermək düzgün yanaşma deyil. Bununla belə, hər bir konkret hadisəyə obyektiv yanaşılmalı, faktlar araşdırılmalı və hüquqi qiymət qanunvericiliyin tələbləri əsasında verilməlidir”.
A.Əlizadənin sözlərinə görə, ictimai asayişin pozulması ilk növbədə cəmiyyətin özünə və vətəndaşların təhlükəsizliyinə zərər vurur: “Heç kim özünü qanundan üstün hesab etməməli, heç bir siyasi və ya digər maraq hüquq normalarının pozulmasına bəraət qazandırmamalıdır. Eyni zamanda, hüquq-mühafizə orqanlarının fəaliyyəti də qanunçuluq, obyektivlik və insan hüquqlarına hörmət prinsiplərinə əsaslanmalıdır. Dövlətin gücü qanunun işləməsində, vətəndaşların təhlükəsizliyinin qorunmasında və hər kəsin hüquqlarının təmin olunmasındadır”.